“Mövlud Süleymanlının nəsr poetikasının zənginliyi və özünəməxsusluğu” mövzusunda dərs keçirilib

160

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadənin təşkilatçılığı ilə Filologiya və Jurnalistika fakültəsinin 134 A/B qrup tələbələrinə “Mövlud Süleymanlının nəsr poetikasının zənginliyi və özünəməxsusluğu” mövzusunda nümunəvi dərs keçirilib.

AMEA Əlyazmalar institutunun əməkdaşı və AMEA Ədəbiyyat institutunun doktorantı, “Hədəf” kurslarının tədris işləri üzrə direktoru Elxan Nəcəfov dərsə dəvət olunub. Müştərək formada baş tutan dərsdə ötən əsrin 60-80-ci illərində Azərbaycan nəsrinin həm ideya istiqamətində, həm də poetikasında baş verən prinsipial dəyişikliklərdən bəhs edilib.

Elxan Nəcəfov tələbələrə 60-cı illərdə ədəbiyyata gəlmiş yazarların əsərlərində sosial-mənəvi məsələlərdən, yeni xarakter anlayışının qabardılmasından, həmin illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan ədəbiyyatından,  yazıçıların  yaradıcılığında həm mövzu-ideya, həm də məzmun-forma baxımından yeniliklərdən danışıb.

Mövlud Süleymanlı nəsrinin özəlliklərindən danışarkən onun güclü xarakter yaratdığını, obrazları bir-biri ilə əlaqələndirdiyini, bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə etmək bacarığını vurğulayıb. Tələbələrlə fikir mübadiləsi aparan və onların  maraqlı suallarını cavablandıran qonaq sonda tələbələrə “Hədəf” kursunun nəşrləri olan bədii kitabları hədiyyə edib.

SHARE