İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

264

ADU-nun Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının baş müəllimi Təranə Zeynalova, müəllim Günay Qarayeva, məktəbin ədəbiyyat müəllimi Məleykə Əliyeva Bakı şəhəri Yasamal rayonu 53 saylı məktəbdə pedaqoji təcrübədə olan tələbələr ilə birgə dahi şair İmaməddin Nəsiminin 650 illiyinə həsr olunan tədbir keçiriblər. Tədbirdə Təhsil fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, kafedranın müdiri dosent Mehriban Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Gülşən Məhərrəmova iştirak ediblər.

Dekan müavini Qorxmaz Mustafayev bildirib ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində anadilli şerin əsasını qoyan məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkardır:

“Seyid Əli Seyid Məhəmməd oğlu “İmadəddin Nəsimi” adı ilə məşhurlaşıb. İlk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib.

Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini qəbul edən Əli, bu təriqətin fikirlərini nümayiş edən şeirlər yazmağa başlayıb və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə oxşar səslənən “Nəsimi” təxəllüsünü qəbul edib. Ömrünün bir hissəsi XV əsrə təsadüf edən Nəsimi Füzuliyə qədərki istər anadilli, istərsədə farsdilli şeirin bənzərsiz ifadəçisidir, həm də Nəsimi bir sufi şair olub, əsərlərində sufi ideyalarını əks etdirib”.

Dosent  Mehriban  Hüseynova öz çıxışında 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olduğunu qeyd edib: “İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirləri fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilən müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır”.

Sonra pedaqoji təcrübədə olan tələbələrin təşkilatçılığı ilə şagirdlər Nəsiminin qəzəllərini söyləyib və səhnəciklər nümayiş etdiriblər.

Kafedranın müəllimi Günay Qarayevanın dəvəti ilə muğam müsabiqəsinin qalibi Sədəf Budaqovanın Nəsimin  qəzəllərində muğam ifası alqışlarla qarşılanıb.

Sonda dosent Mehriban Hüseynova və məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Firəngiz Həsənova təşkilatçılara öz təşəkkürünü söyləyib və bundan sonra ADU ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

SHARE