“Heydər Əliyev və təhsil” mövzusunda açıq dərs keçirilib

243

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi ESSEX 8 qrupunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev və təhsil” mövzusunda Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımovanın təşkilatçılığı ilə açıq dərs keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələlərinin xüsusi yer tutduğunu vurğulayan İlahə Kazımova ulu öndərin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə aldığını, yüksək dəyərləndirdiyini deyib. Ulu öndər deyirdi: “Əgər bir dövlət istəyirsə, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət verib. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Ümumiyyətlə, Azərbaycan təhsilinin sоn qırx ildən artıq bir dövrdəki inkişafı, yüksəlişi ümummilli liderimizin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsinə də xüsusi diqqət ayırır. Bu sahəyə Azərbaycan Respublikasının vitse prezidenti, birinci xanım Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı danılmazdır. Azərbaycanda təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun göstəricisidir.

Açıq dərs tələbələrin ulu öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən video materiallarla davam edib.

SHARE