“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransı yüksək səviyyədə təşkil olundu” – Təəssüratlar

133

Azərbaycan Dillər Universitetinin “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransı böyük uğurla başa çatıb.

Konfransda iştirak edən Rusiya hökuməti yanında Maliyyə Universitetinin tələbələri Şamil Ağamalov və Fuad İbrahimovun təəssüratlarını təqdim edirik.  

Şamil Ağamalov:

“Mən Rusiyada doğulmuşam və orada təhsil almışam. Amma mütəmadi olaraq burada yaşayan qohumlarımı ziyarətə gəlirəm. Saytda “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının elanını görəndən sonra müraciət etmək qərarına gəldim. Sonra öz məqalələrimizi verdik və universitetin rektoru adından dəvət məktubu göndərildi. Konfransda “Azərbaycan multikulturalizminin uğurlu təcrübəsi və Avropa ölkələri bu təcrübədən necə yararlana bilərlər?” mövzusunda məruzə ilə çıxış etdim. Konfrans çox yüksək səviyyədə təşkil olundu. Çox maraqlı məruzəçilər və məruzələr oldu. Təşkilat komitəsi işini yüksək səviyyədə görürdü. Məktublara dərhal cavab alırdıq. Konfransın çox dəqiq proqramı, tezislərin yığması var və ona əməl olunur. Hər şey çox yaxşıdır.

Məruzəmdə fikirlərindən istifadə etdiyim professorla burada tanış oldum, onunla söhbət etdik və bu, mənim üçün konfransda əldə etdiyim böyük nəticə oldu. Həmçinin, Azərbaycanın Rumıniya və Serbiya ilə olan əlaqələri haqqında öyrəndim. Mənim üçün bunlar çox faydalı məlumatlar oldu. Bundan sonra Azərbaycana daha tez-tez gəlməyi düşünürəm.

Məruzəmə hazırlaşan zaman Kamal Abdullanın multikulturalizm haqqında ədəbi-bədii mənbələri ilə tanış oldum. Hətta onun çox bəyəndiyim şeiri də oldu və həmin şeiri auditoriyada səsləndirdim. Müxtəlif müəlliflərin şeirlərindən ibarət kitabdan götürmüşdüm.

Mən ölkəmə heyranam. Konfransın bu cür yüksək təşkilatçılığından çox şadam və savadlı tələbələrin, yaxşı işçi heyətinin və həqiqətən də möhtəşəm rektorun olduğunu gördüm.  Hər kəsə hörmətlə yanaşıram. İnanıram ki, bu cür tədbirlər mütəmadi olaraq təşkil olunacaq, bundan əlavə tədbirlərdə də iştirak etmək istərdim”.

 Fuad İbrahimov:

“Azərbaycan Dillər Universitetində “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının keçirildiyi haqqında məlumat oxuduq və məqaləmizi göndərdik. Vətənə gəlmək hər kəs üçün duyğusal, gözəl hissdir. Mən də çox gözəl hisslər yaşadım. Rusiyada azərbaycanlılar çox olsa da, Vətən başqadır. Belə konfransda iştirak etmək, qonaqpərvərliyi görmək insanın ruhunu şad edir. Konfransda məndən başqa tələbələr də çıxış etdi, debat oldu. Hər bir tələbə yazdığı mövzunu açıqladı və çox faydalı nəticələr əldə etdik. Azərbaycanda yaşamadığımıza görə burada multikultural ənənələrin nə yerdə olduğunu bilmirdik, lakin tələbələrin məruzələrindən sonra bundan məlumatımız oldu.

Mənim məruzəm “Müxtəlif dini konfessiyalar arasında tolerantlıq” mövzusunda idi. Bu mövzuya islam aspektindən yanaşaraq, müsəlmanlara qarşı olan mənfi münasibətlərin səbəbi və çıxış yolları haqqında danışdım. Gələcəkdə universitetlərarası münasibətərin inkişaf etdirilməsi üçün əlaqələr yaratmaq məqsədilə gəlmişik. Tələbə Elmi Cəmiyyəti sədri ilə də tanış olduq. Elmi mərkəzlərin rəhbərliyi ilə də tanış olduq. Gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün tanış olduq. Hər iki tərəf üçün faydalı olacaq.

Yüksək təşkilatçılığa görə təşəkkürümü bildirmək istəyirəm. Rusiyanın müxtəlif yerlərində, Moskvanın universitetlərində tədbirlərdə olmuşuq, lakin buradakı peşəkarlıq diqqətimizi cəlb etdi. Konfransda əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Həmçinin, rektora da təşəbbüsünə görə və bizi qəbul etdiyinə görə minnətdarıq. Rektor Kamal Abdulla romanları çap olunan kitabı bizə hədiyyə etdi və onu mütləq oxuayacağıq. Gələcəkdə bura tez-tez gəlməyi düşünürük. Çünki bizdə böyük təəssüatlar qaldı, isti münasibətlə qarşılanmaq çox xoşdur”.

SHARE