Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya

208

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının baş müəllimi Qəribə Əlizadənin rəhbərliyi ilə universitetin  Təhsil fakültəsinin 110 a, b; 11 a, b; 119 a,b,c qrupları ilə​ Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyamız baş tutdu. Ekskursiyamıza öncə Qobustanın tarixi irsini özündə əks etdirən muzeylə başladıq. Müəlliməmizin izahlı şəkildə məlumatı ilə muzeydəki tapıntılarla, özündə min illəri əks etdirən incəsənət əşyaları ilə daha yaxından tanış olduq. Muzey gəzintisindən sonra isə açıq havada ekskursiyamıza davam etdik. Qayaüstü rəsmləri göstərərək və onlar haqqında​ məlumat verərək, ibtidai insanın düşüncəsini və həyat tərzini​ izah edən müəlliməmiz daha sonra Firuz mağarasının zəngin irsi haqqında məlumat verdi. Müəlliməmiz bildirdi ki, Qobustan özündə unikal qayaüstü rəsmləri, ulu əcdadlarımızın yaşadığı mühiti, həyat şəraitini, ibtidai şəraiti və ibtidai insanları əks etdirir.

Bildiyimiz kimi, Qobustanın dəqiq tarixi ilə bağlı müəmma hər zaman alimlərin qarşısında dayanan mürəkkəb məsələlərdən biri olub. Müəlliməmiz bildirdi ki, son illər həm Azərbaycanlı, həm də xarici alimlər bu tarixin üst paleolit dövrünün sonu, 35 min il əvvələ aid olduğunu qeyd ediblər.

Daha sonra müəlliməmiz bizə 1939-cu ildə Qobustan tədqiqatçılarından biri İshaq Cəfərzadə barəsində məlumat verdi. Məlum oldu ki, 1966-cı ildə qayaüstü rəsmləri əhatə edən ərazi Qobustan tarixi-bədii qoruğu elan edilib. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, düşərgə, ov və rəqs səhnələri təsvir edilib. Ardından isə tələbələrlə birlikdə mağaranın qarşısında xatirə şəkli çəkdirdik. Ekskursiyamızı müəlliməmizin müşayiəti ilə məşhur və Azərbaycanın ilk musiqi aləti sayılan​ qaval daşı ətrafında, özündə milli-mənəvi dəyərləri əks etdirən yallı rəqsi ilə​ başa vurduq.

Tələblərlə həm auditoriya daxilində, həm də baş tutmuş ekskursiyamız ərzində bizə göstərdiyi səmimi rəftara görə Azərbaycan tarixi fənnini tədris edən və bu fənni bizə sevdirən sevimli​ müəlliməmiz Qəribə müəlliməyə dərin təşəkkürümüzü bildiririk.

 

Təhsil fakültəsinin 119 a qrup tələbəsi

Qönçə İsmayılova

SHARE