ADU-nun tələbələri Şirvanşahlar saray kompleksində olublar

292

Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın rəhbərliyi ilə universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin I kurs tələbələri Şirvanşahlar saray kompleksində olublar.

 “Şirvanşahların daxili və xarici siyasəti” mövzusunda keçirilən dərsdə təxminən 7 əsrlik mövcudluğu illərində Şirvanşahlar dövlətinin orta əsrlər Azərbaycanın dövlətçilik tarixində özünəməxsus iz qoyulduğu vurğulanıb. Ayrı-ayrı hökmdarlar – I Fəribürz, III Mənuçöhr, I Şeyx İbrahim, I Xəlilullah kimi görkəmli dövlət başçıları haqqında məlumatlar verilib, onların hakimiyyət illərinin Şirvanşahların çiçəkləndiyi dövr olduğu bildirilib.

Tələbələr muzeyin eksponatları, İçərişəhərin maketi, həmçinin kompleksdə təşkil olunmuş “İnkvizisiya: orta əsrlərin işgəncə alətləri” sərgisi ilə tanış olublar. Sərgidə orta əsrlərdə Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza alətləri və qurğular nümayiş olunub. Qeyd etmək lazımdır ki, sərgi Şərqdə və Qərbdə cəza növlərinin gerçəkləşdirilməsi ilə bağlı düşünmə və müqayisə etmə imkanı yaradır.

Böyük təəssürat yaradan sərgi tələbələr arasında bu haqda müzakirələrin aparılmasına səbəb olub.

SHARE