ADU-da “31 Mart Azərbaycanlıların soyqırımı” mövzusunda dəyirmi masa keçirilib

314

Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa keçirilib.

Fakültənin dekanı dosent İbrahim Kazımbəyli mart soyqırımı və mart hadisələrinin gedişi haqqında məlumat verib. Dekan 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının məqsəd və nəticələrindən söz açıb. İ.Kazımbəyli 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı sərəncamın erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olduğunu diqqətə çatdırıb. O, bildirib ki, bu siyasi-hüquqi qiymətləndirmə xalqımızın başına gətirilən faciələrin həqiqi tərəflərinin dünya ictimaiyyəti tərəfindən tanıdılmasında mühüm rol oynayır və artıq digər dövlətlər bu tarixi-siyasi olayları dərk edir.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “31 Mart soyqırım hadisələrinin mətbuatda işıqlandırılması”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova “Azərbaycanlılara qarşı soyqırım siyasətinin beynəlxalq aləmdə tanıdılması”, Qafqazşünaslıq kafedrasının dosentləri Xatirə Hacıyeva “İrəvanda ermənilərin törətdiyi soyqırım”, Şəlalə Bağırova “1918-ci il mart soyqırımının sosial nəticələri”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “31 Mart hadisələrinin beynəlxalq arenada tanıdılması istiqamətində problemlər və perspektivlər” mövzusunda çıxış ediblər.

Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva baş verən hadisələrdən bəhs olunan videoçarx təqdim edib.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

SHARE