Azərbaycanlı tələbələr universitet rəhbərliyini “ələ keçirdi” – REPORTAJ

447

Azərbaycan Dillər Universitetinə gedirəm və öz tələbəliyimi xatırlayıram. Süleyman Rüstəm küçəsində dörd il ayaq döymüşdük. Dillərlə çiyin-çiyinə dayanan Slavyan Universitetini deyirəm. Bizim darvazamızda bir qarı da olurdu həmişə, tum və siqaret satırdı. İndi onu orda görmürəm. İndi hər şey dəyişib. Mən oxuyanda Kamal Abdulla bizim rektorumuz idi, bu dəfə Azərbaycan Dillər Universitetinə rəhbərlik edir.

Tələbəliyimi danışıb baş aparmaq istəmirəm. Eşitdim ki, Dillərin tələbələri rəhbərliyi “ələ keçirib”. Mən də altdan-üstdən qıfıllanıb yollandım universitetə.

Rəhbərliyi ələ keçirib deyəndə ağlınıza ayrı şey gəlməsin. Üsyan filan olmayıb. Biz oxuduğumuz illər xoş bir layihə reallaşırdı: “Bir günlük xəlifə”. Deməli, bir günlük tələbələr universitet rəhbərliyinin işini icra edirdilər. Bu ənənə indi Dillər Universitinə köçürülüb.

Universitetdə heç nə dəyişməyib sanki. Köhnə hamamdır, köhnə tas. Belə də “taxtdan endirmə” olar? Bəs tələbələr nə yenilik ediblər? Niyə tələbələr şıltaqlıq eləmir?

Məni qarşılayan dost deyir: “Hamısı vəzifə icra edir və həyəcanlıdırlar”.

Biz yuxarı, rektorun yanına qalxırıq. Daha doğrusu, rektorun dublyorunun yanına.

Paho! Rektor yerində yoxdur. Katibəsi deyir ki, işi var, gələcək.

– Siz həqiqi katibəsiz? – soruşuram.

– Əlbəttə. – gülümsünür.

Rektorun otağını tərk edib prorektorların otaqlarını bir-bir gəzirik. Hər açdığımız qapıdan rəsmiyyət tökülür. Axır, bir prorektoru “ələ keçirə” bildik.

– Adınız?

– Elşad İbadzadə…

Bu Elşad dostumuz tədris üzrə prorektoru “taxtdan endirib”.

 

 

– Neçənci kursunuz?

Elşad bəy isə yanındakı xanıma – çox güman katibəsi – deyir:

– İctimai gələcək?

– Bəli, gələcək.

Məncə, bu katibə deyildi. Tələbə yoldaşı idi. Məsələn, onlar bufetdə belə danışmazdılar. Oğlan deyərdi ki, o İctimaidir, nədir, gələcək, gəlməyəcəksə, mən gedim, işim var. Qız da qayıdıb: “Əşşi, nə bilim e, İctimainin keşikçisi zadam?” deyərdi.

İndi isə səhnə və dekorlar dəyişmişdi. Onlar həyat adlı… Eh… Bu nə idi? Belə də cümləyə giriş edərlər? Hə, onlar universitet adlı filmin rəhbər rolunda idilər. Ona görə də otağa rəsmilik çökmüşdü. Tələbəlik aşağıda, bufetdə qalmışdı.

Elşad İbadzadə pedaqoji fakültənin 4-cü kurs tələbəsidir. Keçən ildən bu prorektorluq vəzifəsinə iddialı olub. Qismət bu günə imiş.

– Niyə rektor olmaq istəmədiniz ki?

– Nə bilim. Ürəyim bu vəzifəni istəyirdi.

– Nə etdiniz bu gün?

– Tələbələrlə görüşdük.

– Nə dediniz tələbələrə?

– Onlarla söhbətləşdik, dərdlərini dinlədik. Bizə şikayətlərini, təkliflərini bildirdilər.

Hiss edirəm ki, Elşad İctimai TV-nin həyacanı ilə kresloda oturub. Həm kreslonun həyacanı, həm TV-nın.

– Tələbələr nədən şikayətçidir?

İndi fikir verdim: Elşad dostumuz kresloda elə oturub ki, elə bil indicə durub gedəcək. Hətta mən də ayağa durmaq istədim, sonra gördüm, yox, gənc prorektor hələ o kreslodan “getmək” fikrində deyil.

– Tələbələr… Ən çox imtahanlardan…

– Niyə?

– Çətinlik çəkirlər…

Elşad bəy təzə, şıq kostyum da geyinib. O kostyum indi toyda olsaydı, nə həngamə qopardı. İndi kreslonun arxasında həyəcanla oturmuş gənc prorektorun kostyumu elə bil yad ölkəyə düşmüş ürkək qız idi.

Mən dostumuzu “sual yağışından” xilas edib üz tutdum o biri prorektorlara…

 

– Lamiyə Məmmədova… Elmi prorektor.

Ayağa durur, salam vermək istəyir, qabağa gəlir, sonra ağlına nəsə gəlir, yerində oturur.

– Hansı fakültə?

– Beynəlxalq əlaqələr.

Lamiyə xanım bayaqkı prorektora baxanda daha təcrübəli görünür. Elə bil illərdir bu masa arxasında oturub.

– Keçən il qatılmışdınız?

– Yox. Bu il qismət oldu.

– Düzünü deyin, tanışlıq filan oldu? Sizi tanıyan tələbələr sizə səs verdi?

– Nə danışırsınız? Heç mən tələbələri tanımırdım. Ümumiyyətlə, səsvermə zamanı başqa fakültədən uşaqlar olur.

– Neçə namizəd vardı sizin vəzifəyə?

– Yeddi idi, səhv etmirəmsə… Hər kəs öz platformasını açıqlayır. Kimin platforması bəyənilərsə, həmin şəxs rəhbər vəzifəyə seçilir.

– Platformanızda nə demişdiniz ki, sizi seçdilər?

– Mən tələbələrə vədlər vermişdim, nə edəcəyimi demişdim.

– Necədir bu vəzifədə olmaq?

– Çox gözəl. Mənə həmişə maraqlı idi. Bizim “Kölgə kabinetimiz” var. İndi seçilən tələbələr 1 il ərzində rəhbərlərin yanında olacaq.

– Yəni rəhbər vəzifələrin kölgəsi olacaqsınız…

– Bəli…

Baxıram ki, rəsmi danışsa da tələbəlik şıltaqlığını tam ört-basdır eləyə bilmir. Bəzən dediyi cümlələr tələbə dünyasına oturmur, qəribə səslənir. Bəlkə mən bu qədər həssasam, bilmirəm. Başqası heç buna fikir də verməz.

– Rəhbər olmaq istəyərdiniz?

– İstəyərdim, əlbəttə.

– Tələbəni qovmaq, yaxud cəzalandırmaq hüququnuz var indi?

– Özüm də tələbəyəm. Niyə qovum ki?

Axır ki, onun içində bardaş qurmuş tələbəliyi oyatdım. Yatan dinozavlar…

– Xəlifə gününün əhvalatını bilirsiniz? Bu idiomatik ifadədir.

 

– Əhvalat… – Lamiyə xanım fikrə düşür.

– Əbdülhəsən adlı gənclə Xəlifə Harun-ər-Rəşidin əhvalatı. Günlərin bir günü Əbdülhəsənin evinə qonaq gəlir.

– Aha…

– Gələn qonaq ən böyük arzusunun bir gün də olsa, xəlifəlik etmək olduğunu bildirir. Bu qonaq da tacir libasındadır. Adı da xəlifə Harun-ər-Rəşid imiş. Əbdülhəsən gəncin badəsinə yuxu dərmanı tökür, onun saraya aparılmasını əmr edir. Dərin yuxuya getmiş gənc sarayda gözlərini açır. Ona xəlifə kimi hörmət bəslənilir, əmrlərinə əməl olunur. Əbdülhəsən xəlifə olduğuna inanır. Axşam yeməyi zamanı yenidən onun badəsinə yuxu dərmanı tökürlər və gənc xəlifə gözlərini evində açır. Deyilənlərə görə, o hadisədən sonra Əbdülhəsən xəlifəliyinin yuxu, yoxsa həqiqət olduğunu ayırd edə bilmir.

– Bəlkə də 1-ci kursda danışıblar. Həyacandan unutmuşam… – gülümsəyir…

O birisi prorektor da xanımdı və adı da Lamiyə…

– “Y” yox. Lamiə. Tərbiyyə işləri üzrə prorektor…

– “Y”sız Lamiyə xanım.

– Bəli.

– Hansı fakültə?

– Beynəlxalq əlaqələr və idarə etmə. 3-cü kurs.

Bir nəfəsə deyir. Balaca qızdı, eynəkli. Hətta mənə elə gəldi ki, indi rəhbər kreslosunda ayaqları havada sallanır…

– Niyə bu vəzifəni seçdiniz? O boyda vəzifələr dura-dura.

– Bizim prorektor çox sevdiyim biridir…

Elə bil, şeir deyir, dayanmadan sözləri bir-birinin ardınca sıralayır… Onu yarı yolda saxlayıram:

– İdealınızdı?

– Bəli, bəli…

Lamiə bu vəzifəyə gələn kimi yenilik eləyib: universitetdə dekan otaqlarına dərsliklər qoyulub və o dərsliklərdən kim istəsə götürüb oxuya bilər.

– Bir adam özü ilə dərslik gətirir, onu həmin rəfə buraxır və başqasını götürür…

Nəhayət, rektorun qəbuluna düşə bildik.

– Sizsiz o məşhur rektor?

Gülümsəyir. Rəsmi görüntünü üstündə daşımaqdan vaz keçmir amma. Tez də ciddiləşir:

– Bəli.

– Sizə çətin olacaq. Kamal Abdulla bütün yenilikləri eləyib. Nə yenilik edəcəksiniz?

– Bu gün biz tələbələrlə görüşdük. – ciddi tərzdə nitqinə başlayır. – Onlarla ayrı-ayrılıqda söhbətləşdik…

Dərhal, son dərəcə dərhal soruşuram:

– Tələbə, yaxud müəllim qovmaq ixtiyarınız var?

– Bilirsiniz, bu rəsmi vəzifədir. Və biz rəsmi vəzifəni icra edirik.

– Həmin vaxt nəsə hadisə baş versə…

– Ola bilər, təbii…

– Aha. Siz sərt olarsız elə?

– Bilmirəm. Özüm də tələbə olduğum üçün çətin olar mənə. Töhmət verə bilərəm amma. Kamal Abdulla burda azad bir mühit yaradıb. Həqiqətən də belədir. Biz ona görə də belə hallarla qarşılaşmırıq. Kamal müəllim həmişə deyir ki, tələbəni müəllimin ayağına verməyin, yaxud da müəllimi tələbənin. Qarşılıqlı münasibət var.

– Lap yadımdan çıxdı. Adınız?

– Quliyev Salman.

– Hansı f…?

Sualımı göydə tutur:

– Tərcümə və mədəniyyətşünaslıq fakültəsi…

Rektorun dediyinə görə bu il, “Bir günlük xəlifə” seçkisində 251 nəfər iştirak edib.

– Heç bir seçkidə bu qədər adam olmur. – mənim zarafatım.

O isə hələ də ciddidir:

– İki mərhələ olur bizdə. 135 nəfər ikinci mərhələyə keçmişdi.

– Nə qədər vəzifə icra olunur hazırda?

– 31 vəzifə…

– Seçki necə aparılır?

– Universitetin hər iki binasında seminarlar təşkil olunur, layihənin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq və səsvermə qaydası barəsində tələbələrə geniş şəkildə məlumat verilir. Namizədliyini irəli sürmüş şəxslər öncə özləri haqda qısa informasiya, əlaqə nömrəsi və namizəd olduqları vəzifəyə uyğun platformalarını yazılı şəkildə Auditoriya+ şöbəsinə və ADU-nun 2-ci tədris binasında yerləşən aidiyyatı şöbəyə təqdim edirlər. Noyabr ayında seçkilər artıq başlayır. Hər fakültədən bərabər sayda tələbə seçicilər dəvət olunur, xəlifə günü və səsvermə qaydası ilə bağlı tələbələr yenidən məlumatlandırılır. Namizədlər isə öz platforması ilə çıxış etməyə hazırlaşırlar. Çıxışlardan sonra açıq səsvermə yolu ilə seçkilər baş tutur.

– Səsvermə kağıza yazılır, ya necə?

Rektor duruxur. Şagird kimi əlini havaya qaldırır:

– Belə…

Gülürük…

– Necə bir hisdir rektor olmaq?

– Məsuliyyətlidir. Ciddidir. İstər-istəməz ciddi olmağa məcbursan. Mən artıq burda tələbə deyiləm. Rektorun vəzifəsini icra edirəm. Hətta bizə bu günün maaşı belə veririlir.

– Doğrudan?

– Bəli.

– Nə qədərdi sizin maaş? Sirr deyilsə…

Fikrə gedir. Elə bildim, katibəni çağırıb soruşacaq.

– Vallah, bilmirəm.

Gülür. Hiss edirəm ki, bu sualım mən otaqdan çıxanda da onu düşündürəcək: “Doğrudan e… Bu gün nə qədər maaş verəcəklər bizə?”

Çölə çıxıram. Tələbələr deyib gülürlər. Bu gün həqiqi rəhbərlər universitetdə yoxdu. Bütün yerləri tələbələr tutub. Bir günlük… Sabah hamısı təzədən tələbə olacaq…

                                                                                                                    Adalet.az 

 

 

http://www.adalet.az/w161110/Az%C9%99rbaycanl%C4%B1_t%C9%99l%C9%99b%C9%99l%C9%99r_universitet_r%C9%99hb%C9%99rliyini_%E2%80%9C%C9%99l%C9%99_ke%C3%A7irdi%E2%80%9D__-_REPORTAJ/#.XBOa7DAzbIU

SHARE