ADU-da “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabının müzakirəsi keçirilib

592

Dekabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin rus dilində yazılan “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabının müzakirəsi baş tutub.

ADU-nun rektoru akademik Kamal Abdulla bu günün universitetin elmi həyatında ciddi məqam olduğunu diqqətə çatdırıb: “Biz Azərbaycan elminin aparıcı nümayəndələrindən birinin, Azərbaycan fəlsəfə məktəbinin çox görkəmli nümayəndəsi olan akademik Ramiz Mehdiyevin “Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства. XVII – первая четверть XVIII вв.” əsərinin müzakirəsinə toplaşmışıq”.

K.Abdulla bu əsərin R.Mehdiyevin illərlə apardığı tədqiqatların məntiqli davamı olduğunu söyləyib: “Bu tədqiqatları konseptual şəkildə götürsək, onu azərbaycanşünaslıq adlandırmaq olar. Azərbaycan tarixi, mədəniyyəti, bugünü və gələcəyi ilə bağlı olan düşüncələrini, fikirlərini, ideyalarını Ramiz müəllim bir çox əsərlərində cəmiyyətimizə, elmimizə təqdim edib. Onun bu cür əsərləri onlarladır və hamısı bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr olunan əsərlərdir”. Bu kitablar göstərir ki, Ramiz müəllim azərbaycançılığın qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən filosof kimi Azərbaycanın gələcəyinin qorunması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir”.

 Rektor R.Mehdiyevin bu gün dövlət xadimi kimi formalaşmasında əsas xüsusiyyətlərdən birinin on illərlə ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsi olduğunu bildirib. ADU-nun rektoru vurğulayıb ki, müdrik bir filosof və insan kimi R.Mehdiyev bugünkü Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətləri olan biri kimi yenə də çalışır, elmi və fəlsəfi fəaliyyətini davam etdirir:

“Onun Azərbaycan fəlsəfəsinin müqəddəratı ilə bağlı son dərəcədə qiymətli göstərişləri fəlsəfə elminin Azərbaycan tədris və elm sisteminə çox üzvi şəkildə daxil edilməsində çox böyük metodoloji əhəmiyyəti var”.

Azərbaycanşünaslıq problemlərinin istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb etdiyini deyən rektor bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirlərinin son dərəcə maraqlı və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqat olduğunu qeyd edib. K.Abdulla kitabın Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı dağıdıcılıq işlərinin üzə çıxarılması istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətli olduğunu vurğulayıb. Rektor K.Abdulla müəllifin göstərdiyi xidmətin ən böyük məzmununun bu gün gənc nəslin bu kitablardan əsl Azərbaycan tarixini öyrənəcəklərindən ibarət olduğunu qeyd edib: “Onlar Ermənistan-Azərbaycan münasibətlərinin təkcə bu günü ilə deyil, həmçinin dünəni ilə də tanış olacaqlar. Bu günün nəticələrini dünənki günümüzlə əlaqələndirərək gələcəyimiz üçün müəyyən istiqamətləri özümüz üçün aydınlaşdıracağıq”.

Daha sonra çıxış edən ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının professorları Solmaz Rüstəmova-Tohidi, Niyazi Mehdi, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri professor Məmməd Əliyev, baş elmi işçisi Eldar Əmirov, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Nadir Quliyev, Qafqazşünaslıq kafedrasının dosenti Şəlalə Bağırova, Magistratura şöbəsinin II kurs tələbəsi Sergey Klimov akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin elmi, metodoloji, siyasi baxımdan əhəmiyyətli, maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin, kitabın müxtəlif dillərə tərcümə olunması məsələsinə də toxunulub.

Tədbir kitabla bağlı müzakirələrin aparılması ilə yekunlaşıb.

SHARE