ADU-da “Qloballaşma şəraitində Azərbaycan dilindən istifadə” mövzusunda birgə mühazirə keçirilib

406

Dekabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə “Qloballaşma  şəraitində Azərbaycan dilindən  istifadə” mövzusunda birgə mühazirə keçirilib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideyası əsasında təşkil edilən birgə mühazirələrin mahiyyəti barədə ətraflı məlumat verib. O, daha sonra “Qloballaşma  şəraitində Azərbaycan dilindən  istifadə” mövzusunda fikirlərini iştirakçılarla bölüşüb. Qeyd edib ki, dilçilik sahəsi hər zaman dövlət siyasətinin tərkib hissəsi olub və Azərbaycanın dilçiliklə bağlı qanunlara görə digər türk dövlətlərə bu gün nümunədir.

E.İbrahimov müxtəlif dövrlərdə Azərbaycan dili ilə bağlı qəbul edilən qanunlardan, sərəncamlardan, onların mahiyyətindən və dilimizin inkişafına verdiyi töhfələrdən, eyni zamanda bu gün qloballaşma şəraitində Azərbaycan ədəbi dilindən düzgün istifadə edilməsinə dair dövlət proqramı haqqında geniş məlumat verib.

Sonra Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva Azərbaycan dili və nitq mədəniyyəti fənninin məqsəd və vəzifələrindən bəhs edib. O.Babayeva bildirib ki, “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası” fərmanından sonra ADU-də bu fənn bütün ixtisaslar üzrə təhsil alan tələbələrə tədris olunur. Həm də fənnin tədrisi nəzəri məlumatlarla yanaşı praktik şəkildə həyata keçirilir. Elə bu məqsədlə də semestrin əvvəlində tələbələrlə “9 noyabr-Bayraq günü” mövzusunda bir birgə mühazirə keçirilib. Tələbələrin Azərbaycan dili, nitq mədəniyyəti, ritorika, üslublar və s. haqqında əldə etdikləri nəzəri biliklər mövzu ilə bağlı çıxışları ilə əyani şəkildə əksini tapıb.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

SHARE