Qorxmaz Quliyev

365

Qorxmaz Quliyev 1941-ci il iyulun 9-da Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində anadan olub. 1950-60-cı illlərdə orta məktəbdə oxuyub, 1960-61-ci illərdə neft-qaz çıxarma idarəsində operator işləyib. 1961-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə qəbul olub və burada M. Quliyeva, İ. Karpenko, S. Seyidzadə kimi tanınmış alim-pedaqoqlardan dərs alıb, lakin 1963-cü ildə ordu sıralarına çağırıldığı üçün təhsilini yarımçıq qoymalı olub. Hərbi borcunu başa vurduqdan sonra 1966-cı ilin sentyabrında yenidən təhsilini davam etdirib.

Q.Quliyev hələ tələbə ikən bir il xaricdə işləyib və 1970-ci ildə təhsilini başa vurduqdan sonra Elmi Şuranın qərarı ilə institutda saxlanıl­ıb. İki il müəllim işlədikdən sonra 1972-ci ildə yenidən Əlcəzairə gedib. 1975-ci ildən institutun axşam təhsili fakültəsində müəllim,1977-ci ilin fevralından baş müəllim, 1978-ci ilin avqustundan roman-german filologiyası kafedrasında baş müəllim işləyib. 1 sentyabr 1981-ci ildən ingilis dili fakültəsindəki fransız dili kafedrasına keçmiş və həmin il namizədlik dissertasiyası müdafiə edib. 1986-cı ildə işlədiyi kafedraya müdir seçil­ib. Artıq bu illərdə o, respublikada A.Malronun tədqiqatçısı kimi tanınmış və mövzu ilə bağlı bir sıra elmi əsərlər yazıb. Hələ 1976-cı ildə M.F.Axundov adına APRDƏİ-nin “Elmi əsərləri”ndə dərc etdirdiyi “A.Malronun yaradıcılığında inqilabi konsepsiya” adlı məqaləsi artıq Q.Quliyevin tədqiqatçı alim kimi formalaşmasından xəbər verirdi. O, 80-ci illərin ikinci yarısından doktorluq dissertasiyası üzərində işləməyə başlayıb və 1991 -ci ildə “Azərbaycan ədəbiyyatında fərdi üslubun yaranması və inkişafı ” mövzusunda dissertasiya müdafiə edib.

Onun rəhbərliyi altında ondan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə edib, çoxlu iddiaçının opponenti və rəyçisi olub. 1992-ci il sentyabrın 15-də elmi işlər üzrə prorektor, 14 sentyabr 1993-cü ildən tədris işləri prorektor, bundan 3 ay sonra , 3 dekabr 1993-cü ildə rektor təyin edilib. Prof.Q.Quliyev işə başladığı ilk günlərdən institutda bəzi struktur dəyişikliklər etməyə başladı. 90-cı illərin əvvələrində ölkədə baş verən məlum hadisələrlə əlaqədar əvvəllər fəaliyyət göstərmiş bəzi şöbə və bölmələrin fəaliyyəti əsassız olaraq dayandırılmışdı. İnstitut Elmi Şurasının 9 fevral 1994-cü ildə keçirilmiş iclasında onun təklifi əsasında xarici əlaqələr şöbəsinin, İnformatika və TTV kafedrasının bərpa edilməsi haqqında qərar qəbul edildi. Qorxmaz müəllimin təşəbbüsü ilə bəzi kafedraların adları dəyişdirilərək iş aspekt:lərinə uyğunlaşdırılmış, 1994-cü ildə imzaladığı əmrlə “Alman dilinin fonetikası və dil tarixi”, ”Alman dilinin qrammatikası” kafed­raları açılıb.

SHARE