Məzunlar Assosiasiyasının Əsasnaməsi – LAYİHƏ

485

 

Azərbaycan Dillər Universitetinin məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında Məzunlar Assosiasiyası yaradılacaq. Assosiasiyanın Əsasnaməsinin layihəsini təqdim edirik .

 

 

Azərbaycan  Respublikası Təhsil Nazirliyi

Azərbaycan  Dillər  Universiteti

Məzunlar Assosiasiyasının

Əsasnaməsinin layihəsi

1. Ümumi məsələlər

  • Məzunlar Assosiasiyası (bundan sonra Assosiasiya) Azərbaycan Dillər Universiteti məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük  əsasında  yaradılmış  ictimai və sosial təşkilatdır.
  • Assosiasiya universitet daxili təşkilatdır və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan  Respublikasının Təhsil haqqında  Qanununu və bu Əsasnaməni rəhbər tutur.
  • Assosiasiya bərabər hüquqlu üzvlərdən ibarət kollegial orqandır və onun iş prinsipi könüllülük, aşkarlıq və  qanunvericiliyin qorunmasına söykənir.
  • Assosiasiya hüquqi şəxs deyil, üzvlərinin səs çoxluğu ilə  seçdikləri idarə  heyəti və rektorun  təsdiq etdiyi  sədr  tərəfindən  idarə

2. Assosiasiyanın məqsəd və vəzifələri:

2.1. Assosiasiyanın  yaradılmasında məqsəd  ADU  məzunlarının  ümumi marağı əsasında  onun üzvlərinin  sosial,  mədəni və işgüzar  maraqlarının öyrənilməsinə və imkan daxilində ödənilməsinə səy göstərmək, məzunların  harada  olmasından  asılı  olmayaraq  onlarla əlaqə  yaratmaq, vaxtaşırı görüşlər  keçirməklə  dünyanın  bütün  ölkələrinə  yayılmış  məzunları  bir araya  gətirmək, onların  sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı  fəallıqlarının  inkişafına  təsir  göstərmək, habelə üzvlərinin hərtərəfli maraqlarının daha mükəmməl şəkildə ödənilməsinə   çalışmaqdır;

2.2. Assosiasiyanın  ən şərəfli  vəzifəsi öz  məzunları  vasitəsilə  Azərbaycan Dillər  Universitetinin  nüfuzunun daha  da artmasına  kömək etmək, müəllim və tələbələrə  maddi  və mənəvi  yardım  göstərmək, xeyriyyəçiliklə  məşğul olmaqdır;

2.3. Assosiasiya siyasi birlik deyil və hər hansı siyasi fəaliyyətlə məşğul olmağı  qarşısına məqsəd qoymur. Assosiasiyanın  üzvləri  Assosiasiyadan kənar fərdi  şəkildə bu işlə məşğul ola bilərlər.

 3. Assosiasiyanın fəaliyyəti.

3.1. Assosiasiya qarşısına qoyulmuş məqsəd və vəzifələri uğurla həyata keçirmək  üçün qüvvədə olan qanunvericiliyə müvafiq olaraq:

– öz məqsəd və vəzifələrini təbliğ edir;

– respublikanın  və  dünyanın ali  məktəblərinin  məzunlar  birlikləri  ilə əməkdaşlıq edir;

-hər il  universitet  məzunlarının  siyahısını  hazırlayır;

– məzunların  və  tələbələrin  peşə hazırlığının artırılmasına təsir göstərir;

-ADU-nun məzunları üçün qəbullar, təqdimatlar, seminarlar, banketlər, mətbuat konfransları, görüşlər, istirahət saatları təşkil edir;

– Assosiasiya  üzvlərinin yaradıcı, ixtiraçı və sahibkarlıq fəaliyyətlərinə kömək edir;

– Assosiasiyanın üzvləri, hüquqi və  fiziki  şəxslər tərəfindən  verilən ianələrdən və digər sahələrdən  əldə olunan  vəsaitlərdən idarə heyətinin  təsdiq etdiyi smeta   üzrə Assosasiyanın saxlanması üçün istifadə edir.

– Assosiasiyanın üzvləri tərəfindən, yaxud onların iştirakı ilə nəşr olunmuş əsərlərin kitabxanasını  təşkil edir.

4. Assosiasiyanın üzvlüyünə qəbul.

4.1. Assosiasiyaya üzv olunması bu əsasnaməyə uyğun olaraq həyata keçirilir;

4.2. Universiteti  nə vaxt bitirməsindən və hansı ölkənin vətəndaşı olmasından  asılı olmayaraq bütün məzunlar, o cümlədən, istisna hallarda respublikanın  görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərindən könüllülük əsasında hər bir  vətəndaş  Assosiasiyanın  üzvü  ola bilər;

4.3.Assosiasiyaya  üzvlük fərdi qaydada, tam könüllülük əsasında idarə heyətinin  təqdimatı əsasında ümumi yığıncağın növbəti iclasında həyata keçirilir;

4.4 Assosiasiyanın fəxri üzvləri statusu təsis edilir və bu üzvlüyə ölkənin  ictimai – siyasi, iqtisadi, elmi və mədəni həyatında xüsusi xidmətləri olan məzunlar İdarə  heyətinin dəvətilə qəbul edilirlər. Universitetin rektoru tutduğu vəzifəsinə görə  Assosiasiyanın fəxri üzvü olur.

5. Assosiasiya üzvünün hüquq və vəzifələri.

5.1. Üzvlərin aşağıdakı hüquqları var:

– iş saatlarında  istədiyi vaxt  Assosiasiyaya gəlmək ;

– Assosiasiyanın bütün tədbirlərində iştirak etmək;

– Assosasiyanın ümumi yığıncaqlarında iştirak etmək;

– ehtiyac olduqda Assosiasiyanın  köməkliyindən istifadə etmək;

– istədiyi vaxt üzvlükdən çıxmaq;

5.2. Üzvlərin vəzifələri:

– Assosasiyanın  Əsasnaməsinin və Nizamnaməsinin tələblərinə riayət etmək;

– Assosiasiyanın nüfuzunun qorunmasına çalışmaq;

– Assosiasiyanın keçirdiyi bütün tədbirlərdə və iclaslarda iştirak etmək;

– Assosasiyanın işinin səmərəli olması üçün hərtərəfli kömək etmək;

– əvvəlki illərin məzunlarının axtarıb tapılmasına, onlarla əlaqə yaradılmasına çalışmaq.

  1. Assosiasiyanın idarə olunması.

6.1. Assosiasiyanın  ali orqanı üzvlərin ümumi yığıncağıdır. Ümumi yığıncaqlar arası müddətdə sədrin rəhbərliyi altında idarə heyəti.

6.2. Ümumi  yığıncaqlar ildə  bir  dəfədən az olmayaraq çağırılır. Növbədən kənar  yığıncaqlar idarə heyətinin, yaxud  üzvlərin  sayının 20%-dən  çoxunun qərarı, habelə rektorun təklifi  ilə çağırıla bilər. Ümumi yığıncaq üzvlərin sayının yarıdan  çoxu iştirak etdikdə səlahiyyətlidir. Ümumi yığıncaqda qərarlar iştirak edənlərin sadə səsçoxluğu ilə qəbul olunur.

6.3. Assosiasiyanın sədri ümumi yığıncaqda  sədrlik edir, o,  yığıncaqda  iştirak etmədikdə, bu vəzifəni onun müavini, yaxud  üzvlərdən  biri  həyata keçirir.

6.4. Ümumi yığıncaq Assosiasiyanın Əsasnaməsini və Nizamnaməsini qəbul edir, lazım  gəldikdə onlara dəyişikliklər və əlavələr edir;

– idarə  heyətinin üzvlərini, idarə heyətinin sədrini, təftiş komissiyasını seçir;

– Assosiasiyanın  illik  planını  təsdiq edir;

– Assosiasiyanın  idarə olunması  üçün  lazım  olan  sənədləri: “Assosasiyanın üzvlüyü haqqında Əsasnaməni “Üzvlərin etik davranış qaydaları”nı, “Assosasiyanın  daxili  qaydaları”nı  və s. təsdiq edir.

6.5. Assosiasiyanın  idarə heyəti 7 nəfərdən ibarət  ümumi yığıncaqda sadə səs çoxluğu ilə 2 il müddətinə seçilir. Ümumi yığıncağın qərarı ilə bir nəfər 3 dəfə sədr seçilə bilər.

7. Assosiasiyanın ləğv edilməsi.

7.1. Assosiasiya  ümumi  yığıncağın, yaxud  məhkəmənin qərarı ilə ləğv edilə bilər;

7.3. Assosiasiyanın ləğvi haqqında qərar ümumi yığıncaqda iştirak edənlərin 2/3 hissəsinin səs verdiyi halda qüvvəyə minir.

Qeyd: Assosiasiyanın Əsasnaməsinə irad və təkliflərinizi bu elektron poçta göndərə bilərsiniz: [email protected]

SHARE