Kamal Abdulla “British Council” təşkilatının rəhbəri ilə görüşüb

425

Noyabrın 13-də Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla Britaniya Şurası – “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şah (Tian Şah) ilə görüşüb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla ona universitet haqqında məlumat verib. Bildirib ki, təhsil ocağında bir çox dillər tədris olunur. Akademik Kamal Abdulla ADU ilə Böyük Britaniya universitetləri arasında əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da güclənəcəyinə ümidvar olduğunu bildirib. ADU-da həyata keçirilən “Səfir saatı” klubu barəsində ətraflı məlumat verən rektor qonağı bu layihə çərçivəsində tələbələrə mühazirə deməyə dəvət edib.

Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. Azərbaycandakı multikultural mühit haqqında danışan rektor vurğulayıb ki, hazırda “Azərbaycan multikulturalizmi” fənni bir çox ölkələrdə tədris olunur.

Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən qonaq Samr Şah (Tian Şah) Bakıdakı səkkiz həftəlik iş fəaliyyəti müddətində şəhərə və buranın əhalisinin yüksək qonaqpərvərliyinə heyran qaldığını söyləyib. O, mövcud əlaqələrin, faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər və gələcək perspektivlər müzakirə olunub.

Görüşün sonunda qonağa “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ingilis dilinə tərcümə olunmuş variantı hədiyyə edilib.

Görüşdən sonra cənab Samr Şah (Tian Şah) ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərində görülən işlərlə tanış olub.

SHARE