Fəxrəddin Veysəlov

495

Fəxrəddin Yadigar oğlu Veysəlov 13 may 1943-cü ildə Kürdəmir rayonunun Yenikənd kəndində dünyaya göz açıb. 1960-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək elə həmin il M.F.Axundov adına APDİ- nin Avropa dilləri fakültəsinə daxil olub.

1965-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurduqdan sonra Elmi Şuranın qərarı ilə institutda saxlanılıb. O, həmin ilin may-dekabr aylarında Xarici dillərin tədrisi metodikası kafedrasında əvvəl laborant, sonra müəllim kimi çalışıb. 1966-cı ildə əsgəri xidmətini yerinə yetirdikdən sonra A. Jdanov adına Leninqrad Dövlət Universitetinin aspiranturasında təhsilini (1967-70-ci illərdə) davam etdirib. F.Veysəlov professor L.D.Zinderin rəh­bərliyi altında 1971-ci ildə həmin universitetin filologiya fakül­təsinin Elmi Şurasında “Alman dilində bitginlik intonasiyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə, 1974-cü ildə isə alman və fransız dillərinin fonetikası kafedrasının dosenti elmi adına layiq görülüb. Elmi və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq institut kollektivi 1973-cü ildə onu alman dili fakültəsinin dekanı, eyni zamanda əvvəlcə ümumi dilçilik, sonra isə alman və fransız dillərinin fonetikası kafedrasının müdiri vəzifələrinə seçilib. Onun 1974-cü ildən rəhbərlik etdiyi Eksperimental fonetika laboratoriyası 1976-cı ildən ümumi dilçilik kafedrasının nəzdində fəaliyyət göstərməyə başladı.

Onun özü tərəfindən labo­ratoriyada aparılmış eksperimentlər əsasında aşağıdakı monoqrafiyaları çapdan çıxıb: “Eksperimental fonetika” (I hissə 1980, II hissə 1981), “Fonetika və fonologiya məsələləri” (1998), “Dilimiz, qeyrətimiz, qayğılarımız” (1997). Bundan əlavə o, “Uşaq dili-afaziya və ümumi fonetik qanunlar” əsərini almancadan rus dilinə tərcümə edərək nəşr etdirib.

1976-cı ildə 6 ay Moskvada, 1977-78-ci illərdə 10 ay Berlin Humbolt Universitetində tədqiqat işi ilə bağlı təkmilləşmədə olmuş, burada topladığı zəngin materiallar əsasında 70 səhifə həcmində elmi məqalə yazaraq ADR-in elmi jurnallarında çap etdirib, “Alman dilində sait fonemlərin variantivliyi” mövzu­sunda doktorluq dissertasiyası üzərindəki işini başa çatdırıb. Əsər tanınmış sovet germanistləri L.Zinder, i. İvanova, alman alimləri Q. Lindner, V. Qrose, Q. Mayer və başqa mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Germanistika sahəsində artıq öz dəst xətti olan Fəxrəddin müəllim 1981 -ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək respublikada germanistika üzrə ilk elmlər doktoru elmi dərəcəsini alıb.

F. Veysəlov bir-birinin ardınca orta və ali məktəblər üçün dərslik, dərs vəsaiti, proqram və monoqrafiyalar çap etdirib, dilçilik sahəsində dünyada tanınmış alimlərin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Onun Z.Quliyevlə birgə yazdığı 6- cı sinif üçün “Alman dili”, ali məktəb tələbələri üçün “Alman dilinin fonetikası” , “Alman dilinin nəzəri fonetikası” , alman dili fakültəsi üçün “Alman dili” və “German dilçiliyinə giriş” dərslik­lərindən bu gün də müəllim və tələbələr istifadə edirlər. O, fonologiya sahəsində öz məktəbini yaratmış görkəmli rus alimi N.S.Trubetskoyun “Fonologiyanın əsasları” adlı əsərini Azərbaycan dilinə böyük peşəkarlıqla tərcümə edib. Respublikamız müstəqillik qazandıqdan sonra APXDİ-nin rəhbərliyində dəyişiklik edildi və 1993-cü ilin yanvar ayının 25-də professor F. Veysəlov doğma ali məktəbin rektoru təyin olundu. O, bu vəzifədə cəmi 9 ay işlədi. Həmin il sentyabrın 6-da tutduğu vəzifədən azad edilən professor F.Veysəlov kafedra müdiri seçildi və həmin vəzifədə bu gün də öz elmi və pedaqoji fəaliy­yətini davam etdirir.

Fəxrəddin müəllim indiyədək 30-a qədər elm­lər namizədi yetişdirmiş, Bakıda, Tbilisidə, Daşkənddə ixtisaslaş­dırılmış müdafiə şuralarının üzvü kimi onlarca namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və yaxud rəy verib. Səmərəli elmi fəaliyyətinə görə o, 1995-ci ildə Azər­baycan Ali Atesstasiya Komissiyasının Rəyasət Heyətinin üzvü seçilib. Yeni rektorun həyata keçirdiyi ilk tədbirlər arasında vəzifə təyinatları nəzər-diqqəti daha çox cəlb edir.

SHARE