Böyük Britaniya səfirliyinin PR meneceri ADU-da seminar keçib

701

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin PR meneceri Könül Səmədova Azərbaycan Dillər Universitetinin jurnalistika ixtisasında təhsil alan 443-cü qrup tələbələri üçün “PR mütəxəssisinin iş prinsipi və funksiyaları” mövzusunda seminar keçib. PR jurnalistikası fənnini tədris edən Nərgiz Cavadzadənin təşkilatçılığı ilə baş tutan seminarda qonaq təcrübəsini bölüşərək gündəlik iş qrafiki, keçirilən tədbirlər, media ilə aparılan iş barədə ətraflı danışıb. Könül Səmədova PR mütəxəssisinin jurnalistlərlə hansı prinsiplər əsasında təmas qurduğuna toxunaraq Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeronun PR menecerinin ona verdiyi məsləhətlər haqda tələbələrə məlumat verib.

“University College of London” universitetindəki təhsil illərindən bəhs edən qonaq Böyük Britaniya mətbuatı ilə paralellər apararaq gündəmdə olan Breksit müzakirələrindən sonra Baş nazir Tereza Meyin media qarşısında öhdəliyinə diqqət çəkib və jurnalistlər üçün keçirdiyi mətbuat konfransının əhəmiyyəti barədə danışıb.

İnteraktiv formada keçirilən seminarda Britaniya səfirliyinin PR mütəxəssisi tələbələrin suallarını cavablandırıb.

SHARE