“Atalar sözləri Azərbaycan tarixi və mədəniyyətinin aynası kimi” mövzusunda dəyirmi masa keçirilib

513

Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Atalar sözləri Azərbaycan tarixi və mədəniyyətinin aynası kimi” mövzusunda dəyirmi masa keçirilib.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva atalar sözləri və məsəllərin şifahi xalq ədəbiyyatının bir qolu olduğunu deyib. O, qeyd edib ki, müxtəlif hadisələrlə bağlı yerində deyilmiş bir fikir zamanla atalar sözü kimi hüquq qazana bilir. Müasir dövrdə hər hansı bir fikri daha yaxşı ifadə etmək üçün atalar sözlərindən geniş istifadə olunur deyən S.Əliyevanın sözlərinə görə, müxtəlif dövrlərdə ağızdan-ağıza keçərək formalaşan atalar sözlərinin fərqli dillərdə qarşılığına  rast gəlinir.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov folklorşünaslıq, sənətşünaslıq və etnoqrafiya sahələrinin ayrıca fəaliyyət göstərməsinin təqdiqatlara əsaslı sürətdə mənfi təsir göstərdiyini bildirib. O, bu sahələrin birgə araşdırılmasının vacibliyini vurğulayıb. Atalar sözləri və məsəllərdə ayinlərlə, mərasimlərlə və xalqın düşüncə tərzi ilə bağlı dərin qatlar olduğunu deyən akademik bu qatları tədqiqata cəlb edərək aşkara çıxarmağın mümkünlüyündən bəhs edib.

 Milli Azərbaycan Tarix Muzeyinin şöbə müdiri Gülzadə Abdulova dəvətə görə təşəkkürünü bildirb. O qeyd edib ki, atalar sözləri elə bir sahədir ki, onu nə qədər araşdırsan, yenə də tədqiqatlara ehtiyac duyulur. Daha sonra o, müəllifi olduğu “Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində” adlı kitabı haqqında ətraflı məlumat verib.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil mənəviyyatla bağlı atalar sözlərindən, Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev isə atalar sözlərində insan münasibətlərindən danışıblar. Onlar atalar sözlərinin etnoqrafik baxımdan araşdırılmasının zəruriliyindən söz açıblar.

Tədbirdə müxtəlif məzmunlu atalar sözlərinin əks olunduğu videoçarx nümayiş olunub.

SHARE