Əfqan Abdullayev: “Ali təhsil işçiləri uyğun universitetlərlə əməkdaşlıq etməlidirlər”

592

Professor Əfqan Abdullayev: Əcnəbi professor-müəllimlərin Azərbaycan ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması, həm də təhslin beynəlmiləlləşdirilməsinə xidmət edəcək

Azərbaycanın ali təhsil müəssisələrində ölkədə ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək. Ölkədə insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanan proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev “Kaspi”yə müsahibəsində proqramın əhəmiyyətindən və gələcəkdə elm və təhsilimizə gətirəcəyi töhfələrdən danışıb.

«Azərbaycan brendi» təhsil məhsuluna ehtiyac
– Ölkə başçısının sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Heç şübhəsiz, ölkə başçısının imzaladığı sərəncam vaxtında verilmiş sərəncamdır. Artıq bir neçə ildir ki, “Azərbaycan brendi” adı altında dünya bazarlarına məhsul çıxarılır. Bu, ölkə başçısının çıxışlarında da qeyd olunub. Artıq bu istiqamətdə bır sıra uğurlu addımlar atılıb. Ancaq təhsil sahəsində “Azərbaycan brendi” adı altında dünya bazarına çıxarılacaq məhsulumuza böyük ehtiyac var. Təbii ki, birtərəfli qaydada yaxşı məhsul hazırlaya bilməyəcəyik. Ən azı, bu sahədə yaxşı təcrübəsi olan dünya universitetləri ilə birgə əməkdaşlıq proqramları çərçivəsində «Azərbaycan brendi» adı altında yaxşı bir təhsil məhsuluna – bazara dözən və onun tələblərinə cavab verə bilən bilik məhsulunun çıxarılmasına ehtiyac var ki, bu proqram həmin vəzifənin öhdəsindən gəlmək üçün ölkənin ali təhsil müəssisələri qarşısında geniş imkanlar açır və onların məsuliyyətlərini daha da artırır.
– Ümumiyyətlə, ikili diplom nədir?
– İkili diplom bir tələbənin eyni zamanda iki müxtəlif universitetdən iki diplom almasıdır. Tutaq ki, birini – əgər bizim müqaviləmiz varsa, Azərbaycan Dillər Universitetindən alır və Böyük Britaniyanın hər hansı universiteti ilə müqaviləmiz varsa, bir diplomunu da o təhsil ocağından əldə edir. Bəzən ikili diplomla ikili dərəcəni qarışdırırlar. İkili dərəcə fərqli şeydir. Əslində, Azərbaycanda az da olsa ikili diplom təcrübəsi var. Bildiyimə görə, bir çox universitetlərdə – Azərbaycan İqtisad Universitetində, Memarlıq və İnşaat Universitetində və Azərbaycan Dillər Universitetində əvvəllər belə bir təcrübə olub. Mən 11 il – 2003-2014-cü illərdə bu universitetdə dekan işləmişəm. 2010-cu ildə Böyük Britaniyanın Esseks Universiteti ilə “2+2” müqaviləsi bağlanmışdı. Bu da ikili diplom müqaviləsi idi. Tələbə iki il Azərbaycan Dillər Universitetində, təhsilinin 3 və 4-cü ilini Esseks Universitetində oxuyurdu. Proqramı müvəffəqiyyətlə yerinə yetirirdisə, ona iki diplom verilirdi. Bizim bir neçə tələbəmiz, hətta onlardan biri fərqlənmə diplomu ilə ikili diploma layiq görüldü. 2013-cü ildə Fransanın Strasburq Universiteti, 2016-cı ildə yenidən Böyük Britaniyanın Koventri Universiteti ilə “3+1” layihəsi çərçivəsində əməkdaşlıq imzaladıq. Burada Boloniya prosesinin də böyük əhəmiyyəti var. Avropa vahid ali təhsil məkanının yaranmasında Boloniya sisteminə qoşulmuş ölkələrin verdikləri kreditlər başqa universitetlər tərəfindən tanınırdı. Əgər 2005-ci ildə biz belə bir sistemə qoşulmasaydıq, ikili diplomların reallaşması böyük problemə çevrilərdi. O vaxt Boloniya prosesinə qoşulmağımız da uneiversitetlərdən verilən ikili diplomlarda qarşılıqlı surətdə keçirilən dərslərin, verilən qiymətlərin, qazanılan kreditlərin tanınması işinə böyük köməklik göstərdi. Qeyd edim ki, birinci mərhələ üçün 5 beynəlxalq ikili diplom proqramları təşkil olunacaq ki, onların əsas məqsədi müvafiq ixtisaslar üzrə tərəfdaş ali təhsil müəssisələri ilə birlikdə müştərək tədris proqramları işləyib hazırlamaqdır. Şübhəsiz ki, bu tədris proqramlarında reytinqi daha yüksək olan xarici təhsil müəssisələrinin təcrübəsindən istifadə olunacaq.
Əmək bazarının tələbinə uyğun
– Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi də universitetlərin qarşısında qoyulan əsas məsələlərdəndir. Sizcə, bunun təhsilimizə hansı töhfəsi olacaq?
– Universitetlərlə müqavilə bağlayanda həmin ali təhsil müəssisələrinin inkişaf göstəriciləri beynəlxalq reytinqlərin tələblərinə uyğunlaşdırılmalıdır. Biz elə universitetlərlə əməkdaşlıq etməyə çalışmalıyıq ki, dünyanın top universitetləri sırasında olmasa da, birinci yüzlükdə və ya yüz əllilikdə yer alsınlar. Şübhəsiz ki, burada müştərək elmi-tədqiqat işlərinin və tədbirlərin həyata keçirilməsinə də imkan yaranacaq. Hesab edirəm ki, Azərbaycan ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllimlərin tədris prosesinə cəlb olunması həm də təhslin beynəlmiləlləşdirilməsinə xidmət edəcək. Öz təcrübəmdən deyə bilərəm ki, harda beynəlmiləl mühit varsa, orda həmişə şəffaflıq olur. Bu zaman tədrisdə yaxşı rəqabət meydana çıxır. Hesab edirəm ki, bizim ali təhsil müəssisələri 2019-2023-cü illər üçün hesabat verəndə ən azı, bizim qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı fəxrlə hesabat verəcəklər.
– Əmək bazarının tələbatı yəqin ki, beynəlxalq ikili diplom proqramları üzrə ixtisas seçimində əsas xətlərdən biri olaraq nəzərə alınacaq. 
– Şübhəsiz… Burada söhbət tələb və təklifdən gedir. Bilirik ki, ölkənin ali təhsil müəssisələrində elə ixtisaslar var ki, bu gün onlar ömürlərini nəinki fiziki cəhətdən, hətta mənəvi cəhətdən başa vurublar. Bu gün əmək bazarında bu ixtisaslara demək olar ki, ehtiyac yoxdur. Çünki zaman keçdikcə, əmək bazarının tələbləri dəyişdikcə, biz ixtisaslarımızı əmək bazarına uyğunlaşdırmalıyıq. İndi yeni bir nəsil meydandadır. Bu nəslə “Gen Zed” nəsli deyirlər. Onlar əsasən 1995-2000-ci ildən bəri doğulanları əhatə edir. Onlar həyatı başa düşdükcə günü, saatı internetlə keçirirlər. Bu gün o insanlarla işləmək, onların tələblərinə cavab vermək də çətindir. Bu “rəqəmsal” nəsillə idarəetmə metodları mütləq dəyişilməlidir. Onlar başqa dildə danışır, məsələlərə başqa təfəkkürlə yanaşırlar. Onlardan 30 il qabaq doğulan bir nəsil də var: onlar tamam başqa cür fikirləşirlər. Biz necə edək ki, onları idarəetmə mexanizmi münbit şəkildə olsun? Düşünürəm ki, bugünkü əmək bazarının tələblərinə cavab verən ixtisasların yanında mütləq İT ixtisası olmalıdır. O ixtisaslar müvəffəqiyyət qazanacaqlar ki, onlar mütləq internetlə, rəqəmsal texnologiyalarla bağlı olacaq. Çünki bu gün qlobal dünyanın tərkib hissəsi olub lokal hərəkət etmək mümkün deyil. Zaman dəyişdisə, biz də öz imkanlarımıza zamanın prizmasından baxmalı, ixtisaslarımızı müasirləşdirməli, idarəetməmizi dəyişdirməli, bu sahədəki metodlara yanaşmamıza tam yenidən baxmalıyıq. Bu gün əmək bazarının tələbinə cavab verən ixtisaslar o ixtisaslardır ki, onları bazar istəyir. Əgər məzunun diplomu heç nəyə yaramırsa, həm vaxt, həm də maliyyə itkisinə məruz qalırıq. Hər şeyin cavabını bazar verir. Mən nə qədər özümü tərifləsəm də, universitet haqqında nə qədər çoxlu yazılar yazılsa da, məzun bazarda heç bir tələblərə cavab vermirsə, demək buraxdığımız məhsul əmək bazarına lazım deyil. Hesab edirəm ki, yaxın bir zamanda bugünkü əmək bazarının tələblərinə cavab verən ixtisasların da təsnifatına yenidən baxılacaq və əmək bazarının tələblərinə tamamilə cavab verən ixtisasların universitetlərdə hazırlanmasına imkan yaradılacaq.
– O cümlədən ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesinin sürətlənməsi və onların dünya reytinqində irəliləməsinin təmin olunması məsələləri sənəddə yer alıb. Proqram vasitəsi ilə bu sahədə hansı irəliləyişlərə nail olmaq mümkündür?
– Əgər universitet adı daşıyan müəssisə varsa, şübhəsiz, orda tədqiqat olmalıdır. Məhz buna görə də dünyada universitetləri qruplara bölürlər. Bir var, mütəxəssis hazırlayan universitetlər, bir də var sırf elmi-tədqiqat yönümlü universitetlər. Məsələn, Harvard Universiteti elmi-tədqiqat yönümlü universitetdir. Məhz bunun nəticəsidir ki, o universitetin tələbələrinin 3/2 hissəsi magistratura, 30 faizi bakalavrda təhsil alan tələbələrdir. O universitet ki bu gün özünün gələcəyini fikirləşir, orda mütləq elmi-tədqiqat işlərinə üstünlük verilir. Bütün ali təhsil müəssisələrində elmi-tədqiqat işləri üçün geniş spektrlər var. Həmçinin bu sahəyə dövlət tərəfindən ciddi diqqət yetirilir. Sadəcə, ali təhsil işçiləri oturub işləməli, uyğun universitetlərlə əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlığı da Azərbaycan bazarı üçün brendə çevirib dünya arenasına çıxarmaq qalır.
İndi doktorantla görüşmək üçün Vaşinqtondan Azərbaycana gəlmək vacib deyil
– Proqramda, həmçinin doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsi məsələsi yer alıb. Bu istiqamətdə kadr hazırlığının perspektivlərini necə qiymətləndirirsiniz?
– Doktorantura səviyyəsində kadr hazırlığı aparmaq bir neçə istiqamətdə olur. Yəqin ki, sərəncamdan irəli gələn maliyyə dəstəyi olacaq. Həmçinin qrant verən beynəlxalq təşkilatlar var. Digər tərəfdən, tərəfdaş universitetlər arasında bağlanan müştərək müqavilələr əsasında doktorantura səviyyəsində yüksək ixtisaslı kadrların hazırlanması məsələsi var. Əgər birincisində, bir neçə yüksək qabiliyyətli tələbələri doktorantura təhsili almaq üçün Avropanın, ABŞ-ın universitetlərinə göndəririksə, bunun başqa bir forması həmin universitetlərdə işləyən yüksək səviyyəli, dünya reytinqli alimlərin rəhbərliyi ilə bizim universitetlərdə doktorant yetişdirməkdir. İndi doktorantla görüşmək üçün Vaşinqton və ya Mayamidən Azərbaycana gəlmək vacib deyil. İnternet vasitəsi ilə istənilən məsləhəti vermək, dərs keçmək də olar. Sadəcə, bunların hamısını rəsmiləşdirib müqavilə və ya qarşılıqlı anlaşma memorandumu formasında akademik fəaliyyətə tətbiq etmək lazımdır. Şübhəsiz ki,  doktorantura səviyyəsində kadrların hazırlanması bakalavr və magistratura səviyyəsində o qədər də mümkün deyil. O cür kadrların hazırlanması və sonradan öz universitetlərinə və ya Azərbaycana gəlib öz fəaliyyətlərini davam etdirməsi gələcəkdə çox yaxşı nəticələr verə bilər.
– Necə bilirsiniz, bu proqramdan irəli gələn məsələlər həyata keçsə, beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyişi təmin etmək tam mümkün olacaqmı?
– “Tam” sözünü bir qədər nisbi mənada qəbul etmək lazımdır. Heç nə tam, bütöv olmur. Məsələn, Harvard Universitetinin 1636-cı ildən bəri tarixi varsa, bizim ən qədim universitetimizin 100 yaşı var. Biz “birdən-birə istənilən yüksək səviyyədə kadr hazırlığını tam olaraq həyata keçirəcəyik” desək, bu, o qədər də inandırıcı görünməz. Amma inanıram ki, sərəncamda irəli sürülən məsələlər fəaliyyət proqramı olaraq işlənib hazırlanacaq və həyata keçirildikcə, Azərbaycan ali təhsil sisteminin qarşısına qoyulan məsələlər öz həllini tapacaq və bizim əhatə dairəmiz genişlənəcək. Akademik biliyimizə kənardan əcnəbi müəllimlərin, tədqiqatçıların gəlişi rahatlaşacaq. Son nəticədə Azərbaycan ali təhsilinin dünya təhsil sferasına daxil olması, universitetlərimizin əməkdaşlarının dünyaya çıxışı və daha geniş sferada təmsil olunması öz həllini tapacaq.
– Xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması da proqramda əsas xətdir.
– Bu gün dünyanın ali təhsil müəssisələrində soydaşlarımız çalışır. Hesab edirəm ki, o insanların siyahısı hazırlanacaq və onlarla əlaqə saxlanılacaq. Fikrimcə, onlar Azərbaycana dəvət olunsalar, böyük məmnuniyyətlə gəlib buradakı universitetlərdə təhsil sistemimizə və aparılacaq tədqiqat işlərinə öz töhfələrini verə bilərlər.
Söhbətləşdi,Təranə Məhərrəmova
SHARE