Zemfira Verdiyeva

419

9 iyul 1973-cü ildə Zemfira Nadir qızı Verdiyeva APXDİ-nin rektoru təyin edildi. 38 yaşlı rektor respublikada german dilləri üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlı alim idi. İnstituta rəhbərlik etdiyi illərdə Z.Verdiyeva respublikada xarici dil mütəxəssislərinin hazırlanmasında, APXDİ-nin respublikanın ali məktəbləri arasın­da aparıcı institutlardan birinə çevrilməsində, dilçilik elminin inkişaf etdirilməsində mühüm rol oynayıb.

Zemfira Verdiyeva 19 noyabr 1935-ci ildə Tbilisi şəhərində anadan olub. 1939-cu ildə ailəsi Bakıya köçüb, 1943-53-cü illərdə orta məktəbdə oxuyub və məktəbi qurtaran il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunub və 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, hələ tələbə ikən ictimai işlərdə fəallıq göstərir, müxtəlif elmi konfranslarda maraqlı məruzələrlə çıxış edirdi. Təsadüfi deyildir ki, 1956-cı ildə İngiltərəyə gedən sovet tələbə nümayəndə heyətinin tərkibində IV kurs tələbəsi Zemfira da var idi.

Təhsilini başa vurduqdan sonra institutda saxlanılan Z. Verdiyeva 1960-cı ilə qədər laborant, sonra müəllim işləyib, 1962-65-ci illərdə Moskva Dövlət Pedaqoji İnstitutunun aspirantı olub, 1966-cı ildə «Müasir ingilis dilində «kasıb», «zəngin» anlayışlarını ifadə edən söz qruplarının semantik təhlili» mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi elmi dərə­cəsini alıb, 1967-ci ildə isə ingilis dilinin leksikası kafedrasının dosenti təsdiq edilib. Həmin ildən də Moskva Dövlət Pedaqoji İnstitutunun doktorantı olan Z.Verdiyeva 1971-ci ildə ADU-nun (indiki BDU) böyük Elmi Şurasında «Müasir ingilis və Azərbaycan dillərində sifətlərin semantik birləşmələrinin müqayisəli tədqiqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1972-ci ildə isə professor elmi adına layiq görülüb. Alim respublikada ilk dəfə olaraq bir-birilə qohum olmayan Azərbaycan və ingilis dillərinin tipoloji-müqayisəli tədqiqi ilə məşğul olub və dilçilik elmimizə qiymətli əsər töhfə edib.

Z.Verdiyevanın zəngin elmi potensialını və yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 1973-cü ildə onu yeni yaranmış Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna rektor təyin etdilər. 1953-cü ildən tələbə kimi taleyini bu institutla bağlamış Z.Verdiyeva 21 ildən sonra həmin institutun rektoru olub və düz 20 il fasiləsiz bu vəzifədə çalışıb. 1948-ci ildə respublikada xarici dillər institutu yaranandan bu günə qədər heç bir rektor bu vəzifədə onun qədər uzun müddət işləməyib.

  1. Verdiyevanın gərgin zəhməti nəticəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması sahəsində ciddi nailiyyətlər əldə edilib. İnstitut təşkil olunduğu vaxt 8 nəfər elmlər doktoru, professor, 66 nəfər elmlər namizədi olduğu halda, 1990-cı ildə 14 nəfər elmlər doktoru, 20 nəfər professor, 128 nəfər elmlər namizədi, o cümlədən 85 nəfər dosent var idi. Bu illər ərzində institut minlərlə xarici dil mütəxəssisi hazırlayıb.
SHARE