“Tələbənin ehtiyacı olan bütün dərsliklər universitet kitabxanasında olmalıdır” – Rektorla müsahibə

757

“Tələbənin imkanı olmalıdır ki, beş-on kitabdan başlayıb zəngin kitabxana yaratsın. Bu mənada universitet öz tələbələrinə şərait yaratmalıdır

 Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın ASAN Radioya müsahibəsi

 “Müsahibədən əvvəl Kamal Abdullanın təşəbbüsü ilə universitetdə reallaşan yeniliklər haqqında məlumat vermək istərdik. Azərbaycan Dillər Universitetində 2017-2018-ci illərdə “Bir günlük Xəlifə”, “Təcrübədən əvvəl təcrübə”, “Səfir saatı” layihələri həyata keçirilib. Eyni zamanda tələbələr qaçqın məktəblərində pedoqoji təcrübə keçiblər. Bugünkü müsahibəmizin mövzusu isə növbəti yeniliklə bağlıdır. Belə ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu univerisitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldıqları qəbzləri universitetə təqdim etməlidirlər”.

 -Kamal müəllim, belə bir addım Azərbaycanda ilk dəfə atılır. Tələbələrin aldıqları kitabların pulunu universitetin ödəməsi təcrübəsi hansısa xarici ölkədə tətbiq olunurmu?

-Bu, tələbələrlə görüşdə ortalığa çıxan spontan ideya oldu. Gördüm ki, tələbələrin də gözləri işıldadı. Bu işıltı təkcə universitetdən nəyisə qoparmaq işıltısı deyildi. Bu, ziya, daxildən insanı işıqlandıran enerji, Azərbaycana xidmət etmək istiqamətində tələbənin atmaq istədiyi addımlardan biri idi. Haqqında danışıdığımız ideya barədə başqa yerdə eşitməmişəm, bilmirəm. Bəlkə də olub, xəbərim yoxdur. Deyə bilmərəm, bəlkə gələcəkdə bizdən daha güclü qurumlar bunu başqa şəkildə edəcəklər.

-İstərdim, layihənin məqsədi haqqında məlumat verəsiniz.

-Mənim əqidəmə görə hər bir Azərbaycan gəncinin, xüsusən tələbədirsə, formalaşması, ləyaqətli vətəndaş kimi yetişməsi üçün onun öz evində kitabla əlaqəsini bərpa etmək lazımdır. İnsanın kitabxanası olmalıdır. Tələbənin imkanı olmalıdır ki, beş-on kitabdan başlayıb zəngin kitabxana yaratsın. Bu mənada universitet öz tələbələrinə şərait yaratmalıdır. Biz bunu birinci kurslardan başladıq. Mənə elə gəlir, birinci kursların kitaba təlabatını bu şəkildə ödəmək mümkündür. Məsələni rektorluqda bir daha müzakirə etmişik və qərara gəlmişik ki, hər birinci kurs tələbəsi kitab dükanından aldığı kitabın qəbzini universitetə gətirib verərsə, ödədiyi məbləği qaytaracağıq.

– Növbəti illərdə digər kurslar üçün bu yeniliyin tətbiqi nəzərdə tutulub?

– Bu addım universitetimizdə ilk dəfədir tətbiq olunur. Mənə elə gəlir, bunu bütün tələbələrə şamil etmək lazımdır. Bu istiqamətdə işləyirik. Təhlil olunacaq ki, tələbələr bundan hər hansı şəkildə sui-istifadə edirlərmi? Yaxud həqiqətən də həmin kitabları oxuma meylləri varmı? Eyni zamanda qəbz gətirəndə aldığı kitab haqqında tələbənin fikrini öyrənəcəyik. Və təbii ki, bunu tədricən digər kurslara da şamil edəcəyik.

– Kamal müəllim, hansı kitablar üçün ödəniş ediləcək? Yəni bəlli siyahı varmı?

– Dərsliklər universitetdə var. Bəli, ola bilər, bəzi dərsliklər olmasın. Tam məsuliyyətlə deyirəm: qarşımıza bu məqsədi qoymuşuq ki, tələbənin ehtiyacı olan bütün dərsliklər universitet kitabxanasında olmalıdır. Bu sahədə boşluqları doldurmağa çalışırıq. Təbii ki, bundan sonra bədii ədəbiyyat qalır. Biz ilk növbədə diqqətimizi bədii ədəbiyyat istiqamətinə verəcəyik.

– Layihənin icrası üçün müəyyən bir məbləğ nəzərdə tutulub?

– Xeyir. Açıq məbləğdir. Mənə elə gəlir, çox, yaxud az ola bilər. Hər halda bir neçə ay ərzində yoxlamaq lazımdır ki, görək univesitet  layihəni həyata keçirmək üçün daha hansı resurslarını işə sala bilər.

– Bəzi professorlar sizin bu addımınızı təqdirəlayiq hal kimi dəyərləndirirlər. Amma düşünürlər ki, gələcək nəsillərin də kitablardan istifadə edə bilməsi üçün onlar universitetin kitabxanasında saxlanılmalıdır. Bu haqda nə düşünürsünüz?

– Çox maraqlı sualdır. Nəzərə alaq ki, məqsəd bir gəncin şəxsi kitabxanasını formalaşdırmağa yardımçı olmaqdır. Kitablar universitetdə qalmaqdansa, o şəxsin evində nüvə kimi qalmalıdır ki, gələcəkdə sayını daha da artırsın. Təkrar edirəm: söhbət şəxsi kitabxananın formalaşmağından gedir. Bir azərbaycanlı evə girəndə bahalı-ucuz mebellə yanaşı eyni zamanda kitab görməlidir. Mənim ən böyük arzum odur ki, biz məscidlərimizə girəndə də birinci növbədə kitab görək. Bir çox məscidlərə girəndə orada təkcə dini kitabları yox, bədii kitabları da görürük. Nə üçün məscidlərimizdə Füzulinin, Nizaminin əsərləri olmasın? Onlar bütün əsərlərini Allaha, peyğəmbərə müraciətlə başlayıblar. Bu işi hərəkətə gətirmək mümkün oldu. Cənab Prezidentin multikulturalizmlə bağlı verdiyi sərəncamlar, multikulturalizm ideyalarının yayılması ilə bağlı atdığı addımlar gətirib ora çıxardı ki, məscidlərimizdə multikultural ab-hava yaşanmaqdadır. Amma eyni zamanda universitet kitabxanalarının xeyrinə danışanlar təəssüf ki, məsələnin bu tərəfini unudurlar. Məqsədim bir gəncin öz evində kitabxanasını formalaşdırmaqdır. Mən buna kömək etmək istəyirəm.

SHARE