Rusiya səfiri ADU-da oldu

226
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
Unikal.org xəbər verir ki, rektor K.Abdulla səfiri universitetdə görməkdən şad olduğunu bildirib. K.Abdulla Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Bakı Slavyan Universitetində də olduğunu xatırladıb: “O vaxt mən Bakı Slavyan Universitetinin rektoru idim. İki böyük liderlə – Ulu Öndər Heydər Əliyev və Vladimir Putinlə görüşdə iştirak etmək qürurverici idi. Həmin görüş indiyə kimi xatirimdədir. Xoşməramlı görüşün təəssüratları bu günə kimi məni müşayiət edir”.
Həmin görüşdən sonra Rusiyadan ölkəmizə rəsmi şəxslər, dəyərli qonaqların gəldiyini deyən rektor K.Abdulla hazırda ADU-nun Rusiyanın bir sıra universitetləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Həmçinin, Puşkin adına Rus dili Dövlət İnstitutu ilə mühüm layihələr həyata keçiririk, mühüm məsələlərin həlli üçün müzakirələr aparırıq. Universitetlərlə əməkdaşlıq istiqamətində sizin də köməyinizi əsirgəməyəcəyinizə inanırıq”. ADU-da tədris olunan dillər haqqında danışan K.Abdulla fakültələr, dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyalarının fəaliyyəti barədə danışıb. Rus dilinin universitet üçün lazımi komponent olduğunu deyən rektor ölkələrarası münasibətlərə töhfə vermək üçün qarşılıqlı dil biliklərin və araşdırmaları təkmilləşdirməyin faydalı olduğunu söyləyib.
Səmimi qəbula görə təşəkkür edən səfir M.Boçarnikov universitetdə olmaqdan məmnunluğunu bildirib. ADU-da rus dilinin tədrisinin və “Rusiyaşünaslıq mərkəzi” Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyətini yüksək qiymətləndirib. O, Rusiyanın növbəti üç universitetinin Azərbaycanda fəaliyyətinin təmin edilməsi istiqamətində danışıqlar aparıldığını diqqətə çatdırıb. Səfir “Səfir saatı” layihəsinin həyata keçirilməsini təqdirəlayiq hal hesab edərək tələbələrin səfirlərlə görüşməsinin faydalı və səmərəli olduğunu söyləyib.
Səfir ADU-nun Heydər Əliyev adına Muzey Lektoriyası, “Rusiyaşünaslıq mərkəzi” Elmi-Tədqiqat Laboratoriyası və digər mərkəzləri ziyarət etdikdən sonra “Səfir saatı” çərçivəsində tələbələrlə görüşüb.
Görüşdə səfir M.Boçarnikov Azərbaycan və Rusiya arasındakı qarşılıqlı əlaqələrdən bəhs edib. Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü haqqında danışıb. Səfir iki ölkə arasındakı iqtisadi, ticari, mədəni əlaqələrdən söz açıb. O, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi variantlar haqqında danışıb. Səfir M.Boçarnikov milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmaların ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcəyinə əminliyini bildirib.
SHARE