Qulam Məmmədov

367

Qulam Kərim oğlu Məmmədov 1904-cü il dekabr ayının 5-də Ordubad rayonunun Yuxarı Əylis kəndində müəllim ailəsində anadan olub. 1913-cü ildə qohumu, Azərbaycanın məşhur aktyorlarından olan Kazım Ziyanın razılığı ilə Bakıya gələrək onlarda qalıb və Sabunçu qəsəbəsindəki orta məktəbdə təhsil alıb. Sonralar o, həmin məktəbdə direktor işləyib və işlədiyi dövrdə məktəbin inkişafı üçün əlindən gələn köməyi əsirgəməyib. Onun bu zəhməti hədər getməyib, məktəb el arasında “Qulam şkolası” kimi tanınıb. Maddi vəziyyətin ağırlığından o, təhsilini yarımçıq qoymağa məcbur olub və 1919-cu ildə respublikanın dəmiryol stansiyalarında (Gəncə, Qarasu, Qaradağ) teleqrafçı işləyib. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir sıra pedaqoji kurslarda təhsil alıb, 1924-cü ildə isə Bakı Xalq Təhsili İnstitutunu bitirib.

1919-cu ildən 1946-cı ilə qədər Azərbaycan SSR Maarif Nazirliyi və Bakı şəhər xalq təhsili sistemində müəllim, məktəb direktoru, Bakı şəhər xalq təhsili şöbəsinin müdir müavini, Azərbaycan SSR Pedaqoji Tədqiqat İnstitutunun direktoru, Azərbaycan SSR Maarif Nazirliyinin müəllimləri hazırlama idarəsinin, sonra isə ibtidai və orta məktəblər idarəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Maarif Naziri işləyib.

1946-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradıldı və zəngin pedaqoji təcrübəyə malik olan Qulam müəllim həmin instituta direktor müavini təyin edildi. Onun bundan sonrakı həyatı ali məktəblə bağlı olub və respublikanın ali təhsil sisteminin inkişafında səmərəli xidmət göstərib.

1959-66-cı illərdə M.F.Axundov adına APDİ-nin rektoru, 1966-79-cu illərdə həmin institutda pedaqogika kafedrasının müdiri vəzifələrində çalışıb, 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edib, 1960-cı ildə dosent elmi adını alıb.

Təhsil sahəsində zəngin təcrübəyə və yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Qulam müəllim yeni yaranmış institutda təlim, tərbiyə və elmi işləri çox qısa müddətdə qaydaya saldı, tələbə qəbulunun hər il artırılmasına, tədris prosesində texniki vasitələrdən daha geniş istifadə olunmasına, pedaqoji kadrların elmi səviyyəsinin yüksəldilməsinə nail oldu. Onun ciddi səyi nəticəsində 1962-ci ildə institutda aspirantura açıldı, məqsədli aspiranturaya göndərilənlərin sayı artırıldı. 1955-ci ildə öz fəaliyyətini dayandırmış Xarici dillərin tədrisi metodikası kafedrası 1961/62-ci tədris ilində yenidən fəaliyyətə başladı. 1961/62-ci tədris ilində xarici dillər üzrə qiyabi şöbə təşkil edildi, pedaqoji təcrübəyə diqqət artırıldı. Qulam müəllimin gərgin fəaliyyəti nəticəsində institutda yeni kafedralar açıldı, alimlik dərəcəsi alan müəllimlərin sayı artdı, azərbaycanlı kadrların hazırlanmasına xüsusi qayğı ilə yanaşıldı.

SHARE