Ağamməd Abdullayev

626

Ağamməd Səməd oğlu Abdullayev 1909-cu ildə Bakı şəhərində anadan olub. 1926-cı ildə Bakı Pedaqoji texnikumunu bitirdikdən sonra ADU- nun ədəbiyyat fakültəsinə qəbul olun­ub, eyni zamanda Bakı şəhərindəki ibtidai məktəblərdə dərs deyib. 1929-cu ildən orta məktəb və texnikum­larda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1931-ci ildən Azərb. K(b)P MK-nın nəzdindəki kommunist ali məktəbində kafedra müdiri işləyib. Həmin institut 1939-cu ildə ləğv olunduğundan Ağamməd müəllim APİ-yə keçib və burada 1941-ci ilin iyul ayına qədər dekan vəzifəsində işləyib. 1941-43-cü illərdə M.F.Axundov ad. Müəllim İnstitutunun direktoru, 1943-1944-cü illərdə V.İ.Lenin ad. APİ-nin müvəqqəti direktoru, 1944-cü ilin yanvarından Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda kafedra müdiri, 1949-cu ildən APİ-də əvvəlcə kafedra müdiri, sonra elmi işlər üzrə prorektor işləyib. 1966-cı ildən 1970-ci ilə qədər M.F.Axundov ad. APDİ-nin rektoru olub. 1970-ci ilin iyul ayında öz ərizəsi əsasında rektor vəzifəsindən azad edilib və əvvəlki işinə, APİ-nin kafedra müdiri vəzifəsinə bərpa olunub. 1976-cı ilə qədər bu vəzifədə çalışan Ağamməd müəllim həmin il dünyasım dəyişib.

 150-dən çox elmi əsərin müəllifi olan A.Abdullayev 1942-ci ilin may ayında ADU-nun Elmi Şurasında “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsinə layiq görülüb, həmin ilin iyul ayında SSRİ AAK ona dosent elmi adını verib. Ağamməd müəllim 1948-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, təsdiqini isə 11 ildən sonra, 1959-cu ildə alıb. 1960-cı ilin mart ayında AAK onu M.F.Axundov adına APDİ-nin “Azərbaycan dili və Azərbaycan dilinin tədrisi meto­dikası” kafedrasının professoru təsdiq edib.

Xarici dillərin tədrisinə böyük qayğı göstərən Ağamməd müəllimin rektorluq etdiyi 4 il ərzində bu sahədə ciddi nailiyyətlər əldə edilib. 1966-cı ildə institutda tərcümə kafedrası açıldı, 1968-ci ilin fevralında Avropa dilləri fakültəsinin əsasında 2 fakültə: ingilis dili və alman-fransız dilləri fakültələri yaradıldı. Bir qədər sonra leksika kafedrası iki yerə bölünərək 1 və 2 N-li leksika kafedralarına çevrildi.

 Onun instituta rəhbərlik etdiyi dövrdə dissertasiya üzərində işləyən müəllim və laborantların sayı 100-ə yaxın idi. Sonrakı mərhələdə onların hamısı dissertasiya müdafiə etməsə də xarici dillərin tədqiqi sahəsində hər birinin özünə­məxsus izi qalıb.

Ağamməd müəllim ibtidai və orta məktəblər üçün 15 “Azər­baycan dili” dərsliyinin, ali məktəblərin müəllim və tələbələri üçün Azərbaycan dilinin metodikası, stilistikasının metodikası üzrə bir çox dərs vəsaitinin, Azərbaycan dilinin tədrisi tarixinə dair monoqrafiyanın, çoxlu sayda elmi, kütləvi və publisistik məqalələrin müəllifidir.

A.Abdullayev həm də fəal ictimaiyyətçi idi. O, dəfələrlə Azərbaycan KP BK rayon komitəsi plenimunun üzvü, Bakı şəhərində rayon Xalq Deputatları Sovetinin deputatı, rayon məhkəməsində xalq iclasçısı, APİ-də partiya komitəsinin katibi seçilib. Böyük Vətən müharibəsi dövründəki fəaliyyətinə görə 1945-ci ildə “Qafqazın müdafiəsi uğrunda” və “1941-45-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə” medalları ilə, təhsil sistemində uğurlarına görə Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” ilə təltif olunub.

SHARE