ADU-da vətənpərvərliyin təbliğinə həsr olunan tədbir təşkil olunub

434

Azərbaycan Dillər Universitetinin (ADU) Ulu öndər Heydər Əliyev lektoriyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə Filologiya və jurnalistika fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan 230 a/b qruplarının tələbələri iştirak edib.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov açılış nitqi ilə qonaqları salamlayıb. O, layihə çərçivəsində tədbirin universitetimizdə keçirilməsinə görə təhsil ocağının rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib. S. Hüseynov qeyd edib ki, tələbələrimiz müxtəlif dilləri öyrənməklə yanaşı, vətənpərvərliklə bağlı dərin biliyə də malik olmalıdırlar.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev layihə haqqında ətraflı məlumat verib, döyüşçü kimi xatirələrini bölüşüb.

Filologiya və jurnalistika fakültəsi nəzdində olan Azərbaycan dilçiliyi kafedrasının müdiri Adil Babayev tədbirin ADU-da keçirilməsini yüksək qiymətləndirib: “Dilimizə, vətənimizə sahib çıxmalı, oxuyub daha yüksək yerlərə gəlib ana dilimizi tanıtmalıyıq” – deyə, o vurğulayıb.

Filologiya ve jurnalistika fakültəsinin 230 a qrupunun tələbəsi Gülnar Süleymanova da çıxış edib, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı düşüncələrini bölüşüb.

Daha sonra bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyev bizlərə böyük miras qoyub. Hər bir təhsil ocağında vətənpərvərliyə aid tədbirlər keçirilməli, dövlət, millət sevgisi aşılanmalıdır.

SHARE