Kamal Abdulla: “Ordu-ziyalı əlaqələri günümüzün tələbidir” – Müsahibə

416

AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdullanın “Azərbaycan Ordusu” qəzetinə müsahibəsi

– Kamal müəllim, ordunun şəxsi heyətinin əsas hissəsini gənclər təşkil edir. Bu mənada gənclərin ordu sıralarına hazırlanmasında ordu-cəmiyyət əlaqələrinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən hərbi hissələrində çox olmuşam. Burada xidmət edən şəxsi heyətlə müxtəlif görüşlər keçirmişik. Bu görüşlər səngərdə, ordumuzun müxtəlif bölmələrində, təlim meydanlarında olub. Hiss etmişəm ki, ordumuz Azərbaycan cəmiyyətinin ən çox seçilən, sevilən, hörmət olunan hissəsidir. Orduda  xidmət edən əsgərlər də, zabitlər də kifayət qədər intellektual, kifayət qədər ağıllı, düşüncəli insanlardır. Sevindirici məqam ondan ibarətdir ki, bu gənclər daim öyrənməyə can atırlar. Onlarla keçirdiyimiz görüşlərdə verilən suallardan, aparılan söhbətlərdən belə qənaətə gəlmişəm ki, gənclərimiz həm orduda xidmət etdiyi dövrdə bir əsgər kimi, həm də cəmiyyətin bir üzvü kimi  son dərəcə ağılla, son dərəcə həssaslıqla düşünə bilən aparıcı qüvvədir. Bu da ondan irəli gəlir ki, ordumuzda tarixin bir çox məqamlarında nəsildən-nəslə keçmiş ideoloji və mənəvi bir ruh var. Ruhsuz ordumuzun bugünkü vəziyyətini təsəvvür etmək mümkün deyil.

– Bu ruh əcdadlarımızın qərinələr keçib gələn nəsillərdən-nəsillərə ərmağan etdiyi vətənpərvərlik, mübarizlik, döyüşkənlik ruhu deyilmi?

– Bəli, bu ruh Dədə Qorquddan gələn  ruhdur, bu ruh Şah İsmayıl Xətai ruhudur. Bu ruhun varlığında xanlıqlar dövrünün sərkərdələrinin rəşadəti özünü göstərir. Bu ruhun özülündə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsgər və zabitlərin ölkənin müstəqilliyi uğrunda apardığı mübarizələrin ruhu dayanır. Bu ruh Böyük Vətən müharibəsində Azərbaycan oğullarının hünərindən güc alır. Bu gün Azərbaycan əsgərinin Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi rəşadət, qəhrəmanlıq bizə deməyə əsas verir ki, ordumuz, xalqımız Ali Baş Komandanın iradəsini, cəsarətli addımlarını dəstəkləyib, əmr və tapşırıqlarını həyata keçirməyə hazırlıqlı bir qüvvədir. Əlbəttə, bu bizim düşmənlərimizi qorxudur. Onlar müxtəlif təxribatlarla, yalanlarla Azərbaycan Ordusunun müasir durumuna kölgə salmağa çalışırlar. Ordu ilə təmasda olan hər bir vətəndaşımız yaxşı bilir ki, əzmkarlığı ilə seçilən hərbi qulluqçularımız Vətəninə, xalqına sədaqətlidirlər və millət, dövlət öz taleyini onlara həvalə edib.

– Ordu ilə cəmiyyət əlaqələrinin qurulmasında mühüm rol oynayan ordu-ziyalı münasibətləri haqqında fikrinizi öyrənmək maraqlı olardı…

– Azərbaycan cəmiyyətində ordu-ziyalı əlaqələri və qarşılıqlı əməkdaşlıq həmişə olub. Ziyalılarımız müxtəlif bölgələrə gedir, əsgər və zabitlərimizlə maraqlı görüşlər keçirirlər. Hesab edirəm ki, bu əlaqələrin  daha da güclənməsinə ehtiyac var. Əsgərlərimizin, gənc zabitlərimizin öncədən qeyd etdiyim kimi daxilində öyrənmək həvəsi var. Onlar bizə maraqlı suallarla müraciət edirlər. Onlar üçün dünyada gedən proseslər çox maraqlıdır. Ordumuzda regionda və dünyada gedən siyasi proseslərin analitik təhlilini aparan gənc zabitlərimizə də çox rast gəlmişəm. Ordu-ziyalı əlaqələri günümüzün tələbidir.

– Kamal müəllim, ordumuzun sıralarında Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri xidmət edir. Onlar Vətənə övladlıq borcunu layiqincə yerinə yetirirlər…

– Multikulturalizm və tolerantlıq istiqamətində cəmiyyətimiz bu gün son dərəcə böyük nailiyyətlər əldə edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də multikulturalizmi Azərbaycanın dövlət siyasəti elan edib. Bu gün ordumuzda multikulturalizmin müxtəlif əlamətlərini görmək olar. Ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərirlər, hətta şəhid olurlar. Onların sırasında ən yüksək ada, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlər də var. Bu ümummilli liderimiz Heydər Əliyevin bizim qarşımıza qoyduğu vəzifələrə bilavasitə cavabdır və onun ideyalarına sədaqətdir. Ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri bu gün bir yumruq kimi birləşiblər. Azərbaycanın haqq işi uğrunda birgə mübarizə aparırlar. Ulu Öndər həmişə deyirdi ki, Azərbaycanda yaşayan xalqların gücü bütövlükdə Azərbaycanın gücüdür. Onlar Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşə həmişə hazırdırlar. Bu gün ordumuzun əldə etdiyi mənəvi və ideoloji keyfiyyətlərdən biri də budur və bizim üçün bu çox qiymətlidir.

– Azərbaycan Ordusunun 100 illik yubileyini Kamal müəllim hansı düşüncələrlə qarşıladı?

– Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşıda duran istənilən vəzifəni asanlıqla həyata keçirmək iqtidarındadır. Yaxşı bilirik ki, dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycandan da, qarşı tərəfdən də sülh yolu ilə tələb edir. Dünyanın bütün sülhsevər xalqları da buna çağırış edir. Azərbaycan tərəfi dünya ictimaiyyətinin, dünyanın müxtəlif ictimai qurumlarının bu çağırışına hörmət əlaməti olaraq məsələnin sülh yolu ilə həll etmək niyyətini həmişə ortaya qoyur. Amma münaqişənin sülh yolu ilə həll olunması uzanır. Böyük şairimiz Məmməd Arazın təbirincə desək, “Xalq dözür-dözüm həddinəcən, dözür-dözüm səddinəcən…”. Xalqın, millətin, dövlətin də səbr kasası dolub. Azərbaycan Ordusunun qazandığı zəfərlər xalqımızın istəyinin real təcəssümüdür. Eyni zamanda düşmənə işarədir ki, Azərbaycan dövləti və onun ordusu istər sülh yolu ilə, istərsə də hərb yolu ilə münaqişənin həllinə nail olacaq. Mən düşmən işğalından azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Lələtəpədə olmuşam. Azərbaycan Ordusunun bu gün o torpaqlarda artıq qaçılmaz və təkzibedilməz izləri vardır. Həmin ərazilərdə Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Bu bütövlükdə Azərbaycan cəmiyyətinin, dövlətinin Dağlıq Qarabağa qayıdışının, tarixi torpaqlarımızın düşmən əsarətindən xilas edilməsinin başlanğıcıdır.

– Ədəbiyyatda ordu, müharibə mövzusu həmişə aktual olub…

– Ədəbiyyatda müharibə mövzusu qədim Romada ordu üzərində qurulurdusa, həmin dövrdə Yunanıstanda  ayrı-ayrı fərdlərin qəhrəmanlığı əfsanələşirdi. Əsərlərin süjet xətti də onların üzərlərində qurulurdu. Məsələn, Heraklı, Aqamemnunu, Odisseyi, Axillesi və bu kimi qəhrəmanları misal göstərmək olar. Bütün bunların şəxsi qəhrəmanlıqları onları ordunun fövqündən çıxarıb, əlahiddə qüvvəyə çevirirdi. Dediyimiz kimi, ordunun şücaəti, ayrı-ayrı fərdlərin qəhrəmanlığı ədəbiyyata gəlirdi. Amma nə zaman gəlirdi? Troya yürüşü XI əsrdə baş vermişdisə, Homer əsərini iki əsr keçdikdən sonra yazdı. Yaxud Azərbaycanın tanınmış yazıçısı Məmməd Səid Ordubadi “Qılınc və qələm” əsərini XX əsrdə qələmə almışdısa, orada cərəyan edən hadisələr XII əsrdə baş vermişdi. Bütün müharibələr haqqında ən qiymətli əsərlər məsələn, Lev Tolstoyun “Hərb və sülh” romanı kimi əsərlər müharibədən xeyli sonra yazılıb. Əsərdə faktları yazıçı elə təsvir edir ki, elə bil hadisələrin içindədir. Hadisələr yazıçı beynində, əqlində və ürəyində özünəməxsus şəkildə transformasiya ediləndən sonra qələmə alınır. Bütün hadisələr insan beyninin bir guşəsinə yığılır və bunlar ideoloji, mənəvi və insani hisslərin süzgəcindən keçiriləndən sonra hansısa əsər araya-ərsəyə gətirilir.

– Qarabağ mövzusunda yazılan əsərlər sizi qane edirmi?

– Qarabağ mövzusunun ədəbiyyata güclü axınının müəyyən zamana ehtiyacı var. Mən heç şübhə etmirəm ki, beyinlərdə bu proseslər yazılır. Bəzən çox maraqlı və məni düşündürən yazılara, əsərlərə rast gəlmişəm. Erməni əsirliyindən, erməni işğalından qaçıb gizlin şəkildə Vətənə dönən insanlarla bağlı yazılan əsərlər diqqətimi çəkib. Tanıdığım bir çox yazıçı var ki, həqiqətən də ədəbiyyata çox dəyərli və sanballı həm bədii, həm də sənədli əsərlər töhfə verib.

– Kamal müəllim, ordumuzun  zabit və əsgərlərinə arzularınız, istəkləriniz…

– Azərbaycan Ordusunun şəxsi heyətinə can sağlığı arzulayıram. Ordumuzda xidmət edən hər bir zabit və əsgər çox mərd, ləyaqətli və rəşadətli insanlardır. Onlar Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər an hazır olan, gecəsi-gündüzü olmayan ləyaqətli övladlarımızdır. Allah onları qorusun!

Müsahibəni apardı:
Lalə HÜSEYNOVA, “Azərbaycan Ordusu”

SHARE