ADU-nun rektoru Kamal Abdulla İndoneziyanın mədəniyyət və təhsil naziri ilə görüşüb

488

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Muhadcir Effendi ilə görüşüb.

Qonağı salamlayan rektor Kamal Abdulla ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzi haqqında məlumat verib. Rektor ADU-nun İndoneziyanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığından söhbət açıb. Vurğulayıb ki, İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bey Fananinin ADU-nun fəxri professoru seçilməsi sıx əməkdaşlığın parlaq nümunəsidir.

Kamal Abdulla İndoneziya universitetlərindən birində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması təklifi ilə çıxış edib, belə bir mərkəzin yaradılmasının münasibətlərin inkişafına, Azərbaycan və İndoneziya mədəniyyətinin, tarixinin öyrənilməsinə ciddi töhfə verəcəyini bildirib.

 İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Muhadcir Effendi yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, İndoneziya universitetlərindən birində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını dəstəkləyir.

Muhadcir Effendi bu mərkəzin yaradılmasının qarşılıqlı faydalı əməkdaşlıq üçün vacib olduğunu vurğulayıb. İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri iki ölkə arasında tələbə mübadiləsinin vacibliyini də diqqətə çatdırıb.

SHARE