ADU-nun rektoru Kamal Abdulla Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

715

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb. Qonağı salamlayan rektor səfirin səlahiyyət müddətinin başa çatmasına görə ona yeni, uğurlu təyinatlar arzulayıb. Kamal Abdulla deyib ki, Azərbaycan-Argentina münasibətlərinin inkişafında cənab Karlos Dante Rivanın xüsusi xidmətləri olub. Rektor ümid etdiyini bildirib ki, bundan sonra da Argentinanın Azərbaycandakı səfirliyi ilə ADU arasında olan yüksək səviyyəli münasibətlər öz dinamikasını qoruyacaq və daha da inkişaf edəcək: “Argentina universitetləri ilə əlaqə qurmaqda, qarşılıqlı əməkdaşlıq etməkdə maraqlıyıq və bu istiqamətdə addımlar atmağa məmnuniyyətlə hazırıq. Eyni zamanda Argentina tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı mütəxəssisləri dəvət edə bilərik ki, bu da gələcəkdə argentinaşünaslıq istiqamətində görmək istədiyimiz işlərə ilk kömək olar. Mənim ən böyük arzularımdan biri odur ki, bizim universitetimizdə argentinaşünaslıq ixtisası açılsın”.

Kamal Abdulla rəhbərlik etdiyi təhsil ocağının Argentina universitetləri ilə əlaqələr qurmaqda maraqlı olduğunu diqqətə çatdıraraq, Azərbaycan Dillər Universitetində Tanqo dərnəyinin yaradılmasını da təklif edib.

 
Rektor eyni zamanda Argetinada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması arzusunda olduğunu söyləyib.

 Səmimi münasibətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən səfir Karlos Dante Riva Azərbaycana gəldiyi ilk günləri xatırlayıb və əlavə edib ki, məhz həmin günlərdə ADU-da olub. Səfir deyib ki, ADU mədəniyyətlərin yaxınlaşması istiqamətində çox ciddi işlər görən nüfuzlu universitetlərdən biridir: “Beş il əvvəl səfir kimi fəaliyyətə başlayanda ilk görüşlərimdən birini Azərbaycan Dillər Universitetində keçirmişəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, səfirliyimizin bütün yerli işçilər məhz Azərbaycan Dillər Universitetinin məzunlarıdır. Ümid edirəm, iki ölkə arasında əlaqələr bundan sonra da davam edəcək və genişlənəcək”.  

ADU ilə Argentina səfirliyi arasında əlaqələrin yüksək səviyyədə oluğunu deyən səfir münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

SHARE