ADU-nun I kurs tələbələri universitetlə tanış olub

957

Sentyabrın 12-də 2018/2019-cu tədris ili üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında uğurlu nəticə əldə edərək Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan I kurs tələbələri tanışlıq məqsədilə universitetdə olublar.

Müxtəlif ixtisaslar üzrə ADU-ya qəbul olan I kurs tələbələrinin  universitetə dəvət edilməsində məqsəd tədris ili öncəsi onlarda ali təhsil ocağı haqqında ilkin təsəvvür yaratmaqdır.

Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə baş tutan görüşdə tələbələrə universitetin tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri, ictimai həyatı, eləcə də  strukturu və TGT haqqında ətraflı məlumat verilib.

Daha sonra I kurs tələbələri ADU-nun əsas tədris binasında fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, auditoriyalar, muzey və Ulu öndər Heydər Əliyev adına lektoriya ilə tanış olublar. Görüş əsnasında tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, növbəti görüş sentyabrın 13-də ADU-nun 2 və 3 saylı tədris binalarında baş tutacaq.

SHARE