ADU-nun əməkdaşının tərcümə etdiyi kitab işıq üzü görüb

791

ADU-nun Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov norveçli araşdırmaçı jurnalist, Avropanın siyasəti, iqtisadiyyatı və cəmiyyəti haqqında kitablar yazan Simen Ekernin “Avropalılar” kitabını orijinaldan Azərbaycan dilinə tərcümə edib. “Qanun” nəşriyyatında işıq üzü görən 416 səhifəlik kitab Avropa siyasi populizmi və ekstremal sağçılar haqqında yazılan ən mükkəməl elmi ədəbiyyat siyahısına salınıb.

“Avropalılar” əsərində son illərdə Avropa qitəsində cərəyan edən ictimai-siyasi hadisələrə müəllifin özünəməxsus yanaşması öz əksini tapır. Simen Ekern Avropanı başdan-başa gəzərək “Köhnə dünya”da ağır iqtisadi böhrana verilən reaksiyanı, mühacir problemini, ağır şərtlər altında millətçilik meylləri araşdırır, avropalıların bu çətin dövrdən necə çıxa biləcəklərinə dair öz peşəkar və dəqiqliklə verilmiş proqnozlarını oxucularla bölüşür.

Kitabda həmçinin Kataloniyada İspaniyadan ayrılma problemləri, Şotlandiyada müstəqillik meyilləri, İtaliyanın parçalanması üçün real təhlükələr bədii dillə və peşəkar təsvirlərlə oxucuya təqdim edilir.

Kitab beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrə, avropada yaşamaq istəyən soydaşlarımıza və ümumiyyətlə avropa qitəsində bugünkü siyasi meyillərdən baş çıxartmaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SHARE