“Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimatı oldu

456

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirən rektor deyib: “Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik. Lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin əməkdaşlarının birgə əməyinin məhsulu olan bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.

K.Abdullanın sözlərinə görə, ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin, personaliyalar əhatə olunub: “Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir. Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Kitab təkcə tərcüməçilər və bu sahə ilə maraqlananlar üçün deyil, eyni zamanda, filoloqlar və yazarlar üçün də xüsusi intellektual faydası olacaq qənaətindəyəm. Gənc ədəbiyyatşünaslar, fikrimcə, ondan yetərincə faydalanacaqlar. Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. İnanıram ki, bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar, ümumiyyətlə, elm və Azərbaycan mədəniyyətinin tərcümə üfiqlərini öyrənmək istəyən hər bir şəxs üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq. Kitabın redaksiya heyətində Anar, Leyla Əliyeva, Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.

Ensiklopediyanın ən vacib, həcminə görə ən böyük və əhəmiyyətli hissəsini tərcüməçilərin personaliləri təşkil edir. Personalilər üzrə ensiklopedik məqalələr müxtəlif mənbələrdən kitab, jurnal, qəzetlərdən toplanılıb. Hər bir personali haqqında mətnlərə bu və ya digər tərcüməçinin həyatının əsas məqamlarından qısaca söz açan bioqrafik məlumat daxildir. Həmçinin, burada qeyd olunmuş tərcüməçinin fəaliyyətinin əsas mərhələləri və tərcümə etdiyi əsərlərin siyahısı da verilib. Ensiklopediya tərcüməçiliyin əsas termin və anlayışlarından ibarət terminoloji lüğətlə bitir. Ensiklopediya quruluşca nəzəri və praktik hissələrdən ibarətdir. Nəzəri hissəyə tərcümənin predmeti və problematikası, fəlsəfi əsasları, tarixi, kulturoloji aspektləri və tərcüməçilik haqqında materiallar daxildir. Praktik hissəyə isə tərcümənin strategiyası və taktikası məsələləri, ən əsası isə tərcüməçilərin personaliləri, terminoloji lüğət daxildir. Ensiklopediyada tərcüməçilik fəaliyyətinin mahiyyətinin təhlili, nitq kommunikasiyasının dillər, mədəniyyətlərarası proses kimi anlaşılması və sairə məsələlər öz əksini tapıb. Ensiklopediyada XIX əsrin I yarısından başlayaraq Azərbaycan dilinə və Azərbaycancadan başqa dillərə tərcümənin tarixi, həmçinin, təxminən XX əsrin ortalarından etibarən vüsət alan tərcüməçilik ənənələri haqqında bilgilər xüsusi yer tutur”.

Rektor qeyd edib ki, “Azərbaycan tərcümə ensiklopediyası” kitabı illərin yadigarıdır. Həm müəlliflər və tərtibçilər, həm redaktorlar, həm də texniki redaktorlar, korrektorlar onlara təklif edilən sxemi canlandırmaq işində çox böyük zəhmət çəkiblər: “On ildən çox müddət ərzində tərtib edilən bu əsər əsl bilik xəzinəsidir. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmayıb. Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. Sevindirici haldır ki, uzun illərin zəhməti boşa getməyib. Bu fundamental əsərin ərsəyə gəlməsində zəhməti olanların sayı çoxdur. Mənim müxtəlif universitetlərdən olan tələbələrimin, magistrlərimin sayı xeylidir. Bu şərəfli işdə bizimlə əməkdaşlıq edən alimlərə, mütəxəssislərə təşəkkür edirəm”.

K.Abdullanın dediyinə görə, tərcümə mədəniyyətinin bariz göstəricisi olan bu əsər dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin möhtəşəm üsuludur: “Tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural reallıqdır. Və belə bir multikultural reallıq Azərbaycanda ümumi multikultural mənzərənin ən vacib komponentlərindəndir”. Rektorun dediyinə görə, ensklopediya yazmaq maraqlı olduğu qədər şərəfli işdir: “Bu kitab bir çoxuna ömürlük yoldaş olacaq. Onun vasitəsilə yeni-yeni ədəbiyyat üfüqləri görünəcək. Yeni adlar, yeni əsərlər, köhnə adların yeni oxunuşu. Görünən və görünməyən genişliklər, dərinliklər. Hər bir ensiklopediya kimi “Azərbaycan tərcümə ensiklopediyası” da əsl bilik xəzinəsi kimi yarandı. Qiymətini minnətdar oxucu, əlbəttə ki, verəcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir.

O vurğulayıb ki, bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Kitabın elmi və tədris baxımından əhəmiyyətindən danışan İ.Həbibbəyli qeyd edib ki, bu əsər həm də Azərbaycan ensiklopediya yaradıcılığında yenilikdir: “Kitabla ilk tanış olan hər kəs onun böyük əhəmiyyətə malik olduğunu və unikallığını görə bilər”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu vurğulayıb ki, vəsait tərcümə sahəsində böyük yenilikdir: “Ensiklopediya tərcümə işinə aidiyyatı olan bütün şəxslər üçün – tələbə, müəllim, elmi işçi, alim kontingenti üçün əvəzsizdir. Bu vəsait onların işini asanlaşdırmaqla bərabər, həm də fəaliyyətləri üçün böyük imkanlar yaradacaq. Çünki tərcümə ilə bağlı nə varsa hamısı bir vəsaitdə toplanaraq praktik şəkildə təqdim olunur. Bu sahənin adamları üçün nəinki stolüstü kitaba çevriləcək, hətta bu sahə üçün çox maraqlı hadisə kimi hələ neçə illər müzakirə mövzusu olacaq”. M.Nağısoylu “Azərbaycan tərcümə ensiklopediyası”nın nəşrini Azərbaycan tərcümə işi sahəsində vacib və tarixə yazılası hadisə adlanıdırıb: “Nədənsə bizə elə gəlir ki, Azərbaycanda tərcümə işi müasir dövrə aiddir. Amma qətiyyən belə deyil və bu kitabdan da məlum olur ki, Azərbaycan tərcümə tarixi 14-cü əsrə dayanır. Nəşrin üzərində on ildən artıq yüzlərlə insan çalışıb. Kamal Abdulla özü titanik zəhmətkeşdir. Bu qədər insanı bir araya toplamaq və onların əməyini bir yerə yığmaq asan məsələ deyil. Ensiklopediya akademik nəşrdir və buna görə universitet heyətini alqışlamaq olar”.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov nəşri mühüm mədəni hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin, personaliyalar əhatə olunub: “Məlum olduğu kimi, bütün dünyada ensiklopediya işi ciddi və çox mürəkkəb intellektual fəaliyyət növü sayılır. Bu mənada “Azərbaycan tərcümə ensiklopediyası” kitabı öz sambalı ilə seçilir”. M.İmanov bildirib ki, “Azərbaycan tərcümə ensiklopediyası” tərcümə işimizə və tərcüməşünaslıq üçün tamamilə yeni bir layihədir.

Ensiklopediyanın ideya müəllifi və baş redaktoru akademik Kamal Abdullanın on illik zəhməti hesabına başa gələn bu kitab tərcümə işinin bütün sahələrini özündə ehtiva edir.

S.QARAYEVA

https://525.az/site/?name=xeber&news_id=102607#gsc.tab=0

SHARE