Qara Qarayevin 100 illik yubileyi

824

Mayın 22-si Azərbaycan Dillər Universitetinin Akt zalında “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeddi Səsdən Doğan Sərvət – ELM və MUSİQİ” layihəsi həyata keçirilib. Tədbirdə ADU-nun Təhsil fakültəsinin I və II kurs tələbələri dinləyici qismində iştirak etmişdilər.

Azərbaycan Dillər Universiteti, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və QHT Şurasının birgə təşkilati dəstəyilə keçirilən layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunub. Bununla əlaqədar olaraq  tədbirdə Q.Qarayevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx, musiqili konsert proqramı və müsabiqədə yer tutmuş musiqişünasların çıxışları səsləndirilib. Musiqi repertuarında BMA-nın tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer alıb. Beləki, səhnədə Q.Qarayev -“Eskiz”, “Violin və f-no üçün sonata”, Prelüd, A. Əzimov – “Violin və f-no üçün sonata-poema”, A.Məlikov -“Prelüd”, V.Adıgözəlov – “Laylay”, İlahə Qismət – “Xatirələr” romans, Aysel Hacıyeva – “Mavi gözlüm” romans, Nigar Əliyeva “Soyqırım” kvintet, Vüqar Məmmədzadə “Kvartet” ifa olunub.

Qeyd edək ki, tədbirdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olub. Eyni zamanda layihə çərçivəsində dəhlizdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı Q.Qarayev -100 adlı sərgisi nümayiş olunub.

Sonda MƏİD-ib Sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakultəsinin dekan müavini Bədirə Kərimova tərəfindən səhnədə layihənin fəal iştirakçılarının diplom və hədiyyələrlə mükafatlandırılma mərasimi baş tutub.

SHARE