ADU-da kitab sərgisi keçirilib

827

Azərbaycan Dillər Universitetində (ADU) təntənəli kitab sərgisi keçirilib. Sərgi ADU-nun Aleksandr Sergeyeviç Puşkin adına Rus dili Dövlət İnstitutu və “Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina”-Dövlət Mədəniyyət Müəssisəsi ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Sərgidə açılış nitqi ilə çıxış edən ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov universitetdə belə bir sərginin təşkil edilməsini müsbət hal kimi qiymətləndirib və qonaqları iştirakçılara təqdim edib.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, mütaliə cəmiyyətin təkcə indiki vəziyyətinə deyil, eyni zamanda gələcəyinə olan münasibətinin göstəricisidir.

“Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina” – Dövlət Mədəniyyət Müəssisəsinin Beynəlxalq və Regionlararası Əməkdaşlıq şöbəsinin müdiri Yelena Viktorovna Krivova kitabxanaların gənc nəslin tərbiyəsindəki rolundan söhbət açıb, insanın sosiallaşma prosesində mütaliəyə ehtiyac duyduğunu bildirib.

Daha sonra rejissor Serqey Zaytsev tərəfindən lentə alınmış “Taqanski qalağında səfirlik” adlı sənədli film nümayiş olunub və ADU-nun tələbə xoru tərəfindən “Podmoskovnıye Vechera” mahnısı ifa olunub.

Azərbaycan Respublikasında “Rossotrudnichestvo” nümayəndəliyinin rəhbərinin müavini Aleksandr İlyiç Kalamin dəvətə görə rektora və ADU-nun Rusiyasünaslıq elmi-tədqiqat laboratoriyasına (ETL) öz minnətdarlığını bildirib, səmərəli əməkdaşlığı davam etdirmək üçün ADU-nun platformasından istifadə etmək təklifini irəli sürüb.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birinci katibi Yevgeniy Vladimiroviç Proxorenko ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdıraraq bu konfrans sayəsində multikulturalizm dəyərlərini dünyada yaymağın mümkünlüyünü vurğulayıb.

Y.V. Proxorenko Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” adlı kitabını ADU-nun rektoru, akademik Kamal Abdullayevə təqdim edib.

Daha sonra “Kitab Yardımı Proqramı” çərçivəsində “Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina”-Dövlət Mədəniyyət Müəssisəsi tərəfindən Azərbaycan Dillər Universitetinə 300 kitab hədiyyə olunub.

Sərgidə Rusiyanın tarixi, fəlsəfəsi, ilahiyyatı, ədəbiyyatı, incəsənəti, rus köçünün tarixi və mədəni irsi, rus dilində lüğətlər və dərsliklər haqqında kitablar təqdim olunub.

Sonda çıxış edən Rusiyaşünaslıq  ETL-in müdiri, professor Məmməd Əliyev qeyd edib ki, bu gün müasir insan mütaliəyə az vaxt sərf etsə də, kitab ən yaxşı hədiyyə olaraq qalır. M.Əliyev daha sonra ADU-nun professor-müəllim heyəti və tələbələrini  təbrik edərək “Rus dili dünya təhsil məkanında” təlimi üzrə sertifikatları təqdim edib.

Tədbir sərgi-təqdimat ilə öz işini davam etdirib.

Qeyd edək ki, “Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina”-Dövlət Mədəniyyət Müəssisəsi – emiqrasiyanın mənəvi və maddi mədəniyyət abidələrinin fondunu formalaşdıran, özündə muzey, arxiv, kitabxana, elmi-tədqiqat, informasiya-nəşriyyat, eləcə də mədəniyyət və təhsil mərkəzinin funksiyalarını birləşdirən unikal bir kompleksdir.

SHARE