ADU-da “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib

280

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində  “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov şifahi xalq ədəbiyyatı nümunələrinin dilinin ədəbi, ümumxalq, məhəlli, yaxud şivə dili olması məsələləri, eyni zamanda bu nümunələrin mifoloji düşüncə tərzi ilə müqayisəli şəkildə araşdırılması barədə ətraflı danışıb.

Daha sonra AMEA-nın Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu şifahi xalq ədəbiyyatı nümunələrində spesifik xüsusiyyətləri ilə seçilən arxaizmlərin mənşəyi və onların etimoloji xüsusiyyətləri, bu sözlərin ədəbi dildə inkişaf tarixindən söz açıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi “Kitabi-Dədə Qorqud” eposunun obrazlı dili, alliterasiya, qafiyələnmə prinsipləri barədə çıxış edib.

Sintaqma anlayışının dilçilikdə müxtəlif şəkildə izahından danışan Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Niyazi Mehdi şifahi xalq ədəbiyyatının ağız ədəbiyyatı kimi üslub və növ törəmələrinə malik olmasından bəhs edib: “Şifahi xalq ədəbiyyatı nümunələrində xalqın həyatında baş verən hadisələr öz əksini tapır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və digər dastanlarda biz xalqımızın həyatında baş verən ən əlamətdar hadisələrlə tanış oluruq. Məhz vətənə məhəbbət, insanpərvərlik və digər önəmli insani keyfiyyətlər xalqın yaddaş tarixi olan eposlarında, atalar sözlərində, bayatılarda aşılanır”.

Dəyirmi masa iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

SHARE