ADU-da “Novruz – milli bayramımız” adlı dəyirmi masa təşkil olunub

513

Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyası nəzdində fəaliyyət göstərən “Gənc azərbaycanşünaslar” dərnəyinin təşkilatçılığı ilə “Novruz – milli bayramımız” adlı dəyirmi masa təşkil olunub.

Universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov bildirib ki, dünyada bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə əlaqələndirib və onu yeni ilin başlanğıcı olaraq bayram ediblər: “Mənəvi-əxlaqi dəyərlər toplumu olan Novruz bayramının izlərinə biz Nizami Gəncəvinin “İsgəndərnamə”, Nəvainin “Səddi-İsgəndər”, Xəyyamın “Novruznamə” əsərlərində və digər mənbələrdə rast gəlirik. Təmizliyin, paklığın və barışığın simvolu olan Novruz bayramı öz adət-ənənələri ilə azərbaycançılıq düşüncəsinin söykəndiyi qaynaqdır”.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Novruz bayramının yaranma tarixi, adət-ənənələri, oyunları və keçirilən mərasimlər barədə məlumat verib. O, xalqımızın bütün dəyərlərini özündə birləşdirən Novruz bayramının hər bir xalqın etnik, yerli və milli xüsusiyyətləri ilə bağlı olduğunu da sözlərinə əlavə edib.

Tələbələr “Novruz geyimləri”, “Novruz atributları”, “Novruzda xalq oyunları”, “Novruz çərşənbələri”, “Novruz bayramının tarixi” adlı çıxışlar edib, bayramın xüsusiyyətləri, mənəvi dəyərləri barədə ətraflı məlumat veriblər.

Sonda Novruz bayramı ilə bağlı videoçarx nümayiş olunub.

SHARE