ADU-da Mirəli Seyidovun 100 illiyi ilə bağlı dəyirmi masa keçirilib

560

Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının və Qafqazşünaslıq kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə  görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidovun 100 illiyi ilə bağlı dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov Azərbaycanın Əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas Mirəli Seyidovun ədəbi əlaqələr yaradıcılığı, türk dilli qəbilələr-qaşqaylar, saqlar, buntürklər barədə məqalələri və mifologiyaya dair fikirləri barədə ətraflı çıxış edib: “Azərbaycan ədəbiyyatşünaslığında Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu var. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoyub, inkişaf etdirib və bu elmlə məşğul olan tədqiqatçıların məqalələrinin ərsəyə gəlməsində yaxından iştirak edib”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy bildirib ki, M.Seyidov ilk dəfə olaraq azərbaycançılıq ideyasının  əsasını qoyaraq xalqımızın etnogenezini tanıtdırıb: “Bu gün azərbaycançılıq və multikulturalizm strategiyası inkişaf edir. Lakin bunun ilkin rüşeymini Mirəli Seyidov və onun cərgəsində dayanan ziyalılar ərsəyə gətirib. Azərbaycan xalqının inkişaf istiqamətləri Mirəli Seyidovun elmi istiqamətləri üzərində bərqərar olub”.

AMEA-nın Folklor İnstitunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Qalib Sayılov alimin Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirakı, ədəbi fəaliyyətindən bəhs edib və milli-ictimai təfəkkürün formalaşmasında, azərbaycançılıq dünyagörüşünün təbliğində M.Seyidovun xidmətlərini yüksək qiymətləndirdiyini bildirib. O, azərbaycanşünaslığın ədəbi-nəzəri problemləri, ümumtürk mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhlili işində alimin elmi araşdırmalarının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Sonda Mirəli Seyidovun oğlu Elçin Seyidov dəyirmi masanın təşkilinə görə ADU rəhbərliyinə, Azərbaycanşünaslıq ETL və Qafqazşünaslıq kafedrasına dərin təşəkkürünü bildirib. O, alim haqqında xatirələrini iştirakçılarla paylaşaraq M.Seyidovun Azərbaycan mifik təfəkkürünün qaynaqları, etnogenez məsələləri ilə ciddi məşğul olduğunu deyib. M.Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafik araşdırmasının görkəmli mifoloq alim A.Acalov tərəfindən yüksək dəyərləndirildiyini söyləyən E.Seyidov bu əsərin Azərbaycan elmi, ümumiyyətlə, türkologiya sahəsində vacib hadisə kimi qiymətləndirildiyini sözlərinə əlavə edib.

SHARE