Bir günün min illik xatirəsi – ADU xəlifə gününə hazırlaşır

1797

Bir günün min illik xatirəsi – ADU xəlifə gününə hazırlaşır

Bir günlük xəlifə – Bu idiomatik ifadə ilə bağlı xalq arasında bir çox əhvalatlar dolaşır. Onlardan ən maraqlısı Əbdülhəsən adlı gənclə Xəlifə Harun-ər-Rəşidin hekayəsidir. Günlərin bir günü Əbdülhəsənin evinə qonaq gəlir. Söhbət əsnasında gənc ən böyük arzusunun bir gün də olsa, xəlifəlik etmək olduğunu bildirir. Sən demə, tacir libasındakı qonaq xəlifə Harun-ər-Rəşid imiş. Xəlifə gəncin badəsinə yuxu dərmanı tökərək, onun saraya aparılmasını əmr edir. Dərin yuxuya getmiş gənc sarayda gözlərini açır. Ona xəlifə kimi hörmət bəslənilir, əmrlərinə əməl olunur. Əbdülhəsən xəlifə olduğuna inanır. Axşam yeməyi zamanı yenidən onun badəsinə yuxu dərmanı tökürlər və gənc xəlifə gözlərini evində açır. Deyilənlərə görə, o hadisədən sonra Əbdülhəsən xəlifəliyinin yuxu, yoxsa həqiqət olduğunu ayırd edə bilmir.

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın uzun illərdir həyata keçirdiyi “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü layihəsi tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Məhz həmin gün universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifədə tələbələr tərəfindən açıq səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr universitetdə bir gün ərzində tədris prosesi, inzibati və digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alırlar. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra “kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər.

2003-cü ildən davam edən bu layihə qısa fasilədən sonra yenidən dekabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) tarixində ilk dəfə olaraq başa tutacaq. Bu ənənəvi gün ADU-da da böyük coşqu ilə qarşılanır.

Gəlin bir neçə ay öncəyə qayıdaq. Daha doğrusu, oktyabr ayına. Hər kəs həyəcanlıdır. Auditoriya+ şöbəsində “Bir günlük xəlifə” layihəsi ilə bağlı elanlar hazırlanır. Tələbələr mərhələli şəkildə Akt zalına, Ulu öndər Heydər Əliyev adına lektoriyaya, muzeyə toplaşırlar. Universitetin hər iki binasında seminarlar təşkil olunur, layihənin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq və səsvermə qaydası barəsində tələbələrə geniş şəkildə məlumat verilir. Namizədliyini irəli sürmüş şəxslər öncə özləri haqda qısa informasiya, əlaqə nömrəsi və namizəd olduqları vəzifəyə uyğun platformalarını yazılı şəkildə Auditoriya+ şöbəsinə və ADU-nun 2-ci tədris binasında yerləşən aidiyyatı şöbəyə təqdim edirlər.

Tələbələrin hədsiz həyəcanlı olduğunu müşahidə edirik. Sanki tərəddüd edirlər. “Görəsən, seçimlərdə qalib gələ bilərikmi?” sualına cavab tapmaq  çətin, rəqiblər isə çox güclüdür. Artıq oktyabrın 30-u müraciət üçün son gündür. 250-ə yaxın tələbə namizədliyini irəli sürülüb. Müraciətlərə əsasən namizədlər seçim turlarına dəvət olunurlar.

Noyabr ayıdır, seçkilər artıq başlayır. Hər fakültədən bərabər sayda tələbə seçicilər dəvət olunur, xəlifə günü və səsvermə qaydası ilə bağlı tələbələr yenidən məlumatlandırılır. Namizədlər isə öz platforması ilə çıxış etməyə hazırlaşırlar. Çıxışlardan sonra açıq səsvermə yolu ilə seçkilər baş tutur. Yaxın dostların da bir-birinə rəqib olduğunun şahidi oluruq.  Öz uğuruna sevinib dostunun məğlubiyyətinə kədərlənən, eyni zamanda məğlubiyyətiylə barışıb dostunun uğuruna sevinən tələbələr üstünlük təşkil edir.

Seçimlər mərhələli şəkildə davam edir. Namizədlər arasında mətbuat katibi vəzifəsi üçün mübarizə aparanlardan biri də mənəm. Rəqiblərim arasında çox güclüləri də var. Sıra mənə çatır, çıxış üçün tribunaya yaxınlaşıram. Ürək döyüntümü ayaqlarımda hiss edirəm. Həyatımda ilk dəfə idi ki, bir vəzifə üçün namizədliyimi irəli sürmüşəm və seçicilər qarşısında çıxış edirəm. Kənardan baxmaq da, “əşi nə var e, çıxıb bir-iki kəlmə danışırlar” demək də çox rahat imiş. Növbəti çıxış üçün rəqiblərim tribunaya yaxınlaşır. Ən dəhşətli həyəcan isə çıxışlar yekunlaşandan sonra baş verir. Səslər sayılır, tələbələrin həmin vəzifəyə kimi layiq görməsi elan olunur. Həyəcandan titrəyirik, bunu büruzə verməmək üçün özümüzü möhkəm sıxmış, ruhumuzdan da bərk-bərk  yapışmışıq. Yuxu kimi idi, vallah! Səhnəni tərk edirik, növbədə digər vəzifələr üçün mübarizə aparan namizədlər var. “Səni təbrik edirik, bir günlük Ağa müəllim!” cümləsi ilə  məni bu şirin yuxudan oyatdı tələbə yoldaşlarım. Xəlifə günü seçkiləri bizə qələbənin sevincini yaşamağı da, məğlubiyyətlə barışmağı da öyrətdi. O hissləri xəlifə olanlar bilir, biz bilirik, siz bilirsiniz. Hələ daha nələr öyrədəcək bizə o gün…

Keçək rektorluq uğrunda mübarizə aparan tələbələrə. Özlərinə çox inanırlar. Seçkilərdə böyük coşqu yaşanır. Seçicilər də namizədlərdən daha çox həyəcanlıdır. Bir göz qırpımında seçkilər başa çatır. Təhsil fakültəsinin III kurs tələbəsi Nicat Aşurov səs çoxluğu ilə tələbələr tərəfindən bir günlüyə ADU-nun rektoru seçilir.

Bir neçə gün sonra ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov xəlifə tələbələrlə görüşür. Tələbələrə ümumi plan izah edilir, vəsiqələr təqdim olunur. Hər kəs sevinclidir, bu özəl günün sayəsində tələbələr xeyli dostlar qazanır. Xəlifələr tərəfindən dekabrın 13-nə olan iş qrafiki təyin olunur. Sərraf Hüseynov seçki prosesində iştirak edən və cuzi fərqlə məğlub olan namizədlərdən də bəhs edir. S.Hüseynov 230-a yaxın tələbənin seçkilərə qatıldığını bildirir: “250-ə yaxın tələbə müraicət etmişdi. 74 nəfər tələbə rektorluq vəzifəsi üçün mübarizə aparırdı. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əlimizdən gələni etdik. Hər fakültədən bərabər sayda tələbələri seçki prosesinə cəlb etdik. Seçkilər açıq səsvermə yolu ilə keçirildi. Artıq xəlifələr bəllidir. 32 müxtəlif vəzifəni icra edəcək tələbələr haqda kifayət qədər məlumat hazırlamışıq. Onlar universitet tarixində ilk xəlifələrdir. Kamal müəllimin bu layihəsi universitetə o tələbələri qazandırdı ki, onlar öz işlərini auditoriyaya gəlib dərslərini yüksək səviyyədə öyrənməklə, yaxşı qiymət almaqla bitmiş hesab edirdilər. Amma tələbələr universitet həyatında daha böyük rol oynamaq gücündə olduqlarını gördülər. Bu layihə tələbələrə öz qabiliyyət və bacarığını ortaya qoymaq imkanı verdi. Digər namizədlər haqqında da planlarımız var. Həmin tələbələri universitet həyatında baş tutacaq müxtəlif layihələrə, sosial aksiyalara, müxtəlif proqramlara cəlb etməyi planlaşdırırıq”.

Növbəti gün isə ADU-nun rektoru, akademik Kamal Abdulla və universitet rəhbərliyində təmsil olunan şəxslər 32 rəhbər vəzifəni icra edəcək xəlifələrlə görüşür. Akademik tələbələri təbrik edir, xəlifə gününün çox ciddi keçiriləcəyini  izah edir. Rektor uzun illərdir keçirdiyi bu layihənin geridə buraxdığı xoş xatirələrini tələbələrlə bölüşür, xəlifə gününün özəlliyindən bəhs edir. Kamal Abdulla xəlifə rektor Nicat Aşurovla tanış olur. Daha sonra xəlifə rektor öz komandasını auditoriyaya təqdim edir və akademik dekabrın 13-də universiteti idarə edəcək tələbələrin əmrini imzalayır və iclas yekunlaşır.

Bir neçə gün sonra xəlifə rektorla yenidən görüşdük. O, seçki prosesindən, qalibiyyətindən danışarkən, bu qələbənin təkcə özünə yox, eyni zamanda tələbələrə  də məxsus olduğunu vurğuladı: “250 seçici arasında 79 səs toplamağım həyəcanımı birə-beş artırmışdı. Digər namizədlərin topladığı səsin hesablanması 3 dəqiqə vaxt apardı. Həmin o 3 dəqiqə, sanki 3 ilə bərabər idi. Nəticələr elan olunan zaman adımı eşitməyimin yaşatdığı həyəcan isə əvəzedilməziydi. Sevincim həyəcanımı daha çox artırırdı. İclasdan sonra rektorumuz, akademik Kamal Abdulla ilə görüşdüm. Kamal müəllim məni rektorluqla tanış etdi, dekabrın 13-nə xeyli hazırladı. Gündəlik iş rejimindən və səlahiyyətlərindən bəhs etdi. İndi daha çox həyəcanlıyam. Bu vəzifənin ağırlığı da, məsuliyyəti də çox böyük imiş…”

2003-cü ildə ilk dəfə keçirilən “Bir günlük xəlifə” Tələbə Özünü İdarəetmə Gününün xəlifələrindən olan tanınmış jurnalist Əzizə İsmayılova ilə də həmsöhbət olduq. Xoş xatirələrindən danışan Əzizə xanım ömür boyu vəzifə arzusunda olduğunu söyləsə də, həmin gün bu arzusundan imtina etdiyini bildirdi: ““Bir günlük xəlifə” tələbə komanda oyununun ideyası BSU-da oxuduğum dövrdən (2000-2009-cu illər) bizim rektorumuz olan Kamal Abdullaya məxsusdur. Xəlifə günü ilk dəfə 2003-cü ildə, dekabrın 13-ü, həftənin V günü (mistik tarix hesab olunur) keçirilmişdi və həmin oyunun ilk xəlifələri biz olmuşduq. Təhsil aldığım Regionşünaslıq və tərcümə fakültəsinin dekanı seçilmişdim. İlk dəfə rektoratda bu haqda danışılanda, doğrusu, heç kim o qədər də ciddi qarşılamamışdı. Çünki Kamal müəllimin bu “oyun”la bağlı 3 şərti sual doğurmuşdu:

  1. Rektordan tutmuş, dekanlar, dekan müavinləri, universitet qəzetinin redaktoruna kimi bütün postlar tələbələrə veriləcək, həmin günün sahibi olacaq “səlahiyyətli” tələbələrin qəbul etdikləri və “xəlifə rektor” tərəfindən imzalanan bütün qərarlar, sabahısı gün rektoratın iclasında müzakirə olunacaq və rektor tərəfindən imzalanacaq, imzalanmayanlara niyə imzalanmamasını aydınlaşdırmaq üçün nəzər salınacaq.
  2. Öz kreslolarını bir günlük tələbələrə təhvil verən hər kəs universitetdə olsa da, heç bir halda heç bir xəlifənin işinə qarışmayacaqlar və ümumiyyətlə, gözlərinə görünməyəcəklər. Ya aid olduqları kafedrada otursunlar, ya da bufetdə. Əsas odur heç kimə qarışmasınlar.
  3. Kafedralarda hamı bir nəfər kimi işinin başında olacaq və xəlifələrin idarəçiliyinə tabe olacaqlar.
  4. Hansı posta kimin seçilməsini məhz tələbələr özləri mərhələli şəkildə müəyyən və təyin edəcəklər.

Şərtlərin inandırıcı olmaması ilə yanaşı hər kəsin beynində daha bir sual da vardı: “Bir günlə nə olacaq ki?”…

Amma qərar verildi. Səhv etmirəmsə, 2 ay müddətinə gərgin seçimlər getdi. Tələbələr özləri öz namizədlərini verirdilər, namizədlər arasında mübarizə, 1-ci mərhələ, 2-ci mərhələ, 3-cü konsepsiya mərhələsi və seçim. Möhtəşəm, izaholunmaz bir hissdir. Hamımız seçildik və evə tələbə kimi gedib səhər, yəni dekabrın 13-də “vəzifə sahibi” kimi universitetə döndük.

 

Dekabrın 13-ü, həftənin V günü, şaxtalı-boranlı bir gün idi. Bakıda bütün nəqliyyatın hərəkəti iflic olmuşdu. Hətta seçilən xəlifələrə elə gəlirdi ki, bizi ciddiyə almayıb heç kim dərsə gəlməyəcək. Nəticə inanılmaz olmuşdu. Uşaqların universiteti necə idarə edəcəkləri o qədər maraq yaratmışdı ki, davamiyyət 98%-i belə keçmişdi. Çox qeyri-adi və heç bir şəkildə qısa şərhə sığmayan bir gün yaşamışdıq. Nəticə mükəmməl idi. Səhəri gün qəbul etdiyimiz bütün qərarlar Kamal Abdullanın imzası ilə icraata göndərilmişdi. BSU-da olan “radio qovşağı” məhz biz xəlifələrin ideyası və arzusu idi. Reallaşmışdı…

“Bir günlə nə olacaq?” sualına isə biz elə həmin günün sonunda cavab tapmışdıq. Bu bir gün hər birimizin içində özümüzə bəlkə də illərlə qaranlıq qalacaq bir gerçəyin cavabını vermişdi – vəzifə, səlahiyyət nədir və onu hər kəs çəkib apara bilərmi?

Mən, məsələn, baxmayaraq ki, həmişə vəzifə arzusunda olmuşdum, həmin gün ömürlük üzləşməmək üzrə imtina etdim o arzudan. Anladım ki, yüksək vəzifə adamı deyiləm. Sonradan hətta yüksək vəzifələrdə olsam da, sevə bilmədim kreslo həyatını. Səbəb? Deyim sizə:

Həmin gün heç yaddaşımdan silinməyəcək o qədər hadisələr oldu ki, onların məzmununa illər sonra vara bildim. Amma vəzifəyə nifrət etdiyim an, həmin gün təxminən günorta saat 2 radələrində oldu. Deməli, bizim çox sevimli bir dekan müavinimiz vardı – Arifə xanım Məmmədova, girdi dekanın otağına və hansısa səbəbdən 2-ci növbədə 1-ci dərsdən sonra evə getməli olduğunu deyib icazə istədi. Mənsə o an özümün belə dərk etmədiyim bir hökmlə, eynən dekanımız Seyfəl Həsənovun bizə verdiyi cavab qismində “Ərizə yazın və səbəbi izah edin” dedim.

Arifə xanım sakitcə çıxdı və ərizə ilə geri döndü və mən o ərizəyə imza atdım. O an keçirdiyim hissi indi də xatırlayıram. İstəyərəkdən etmədim, vəzifəmdən dolayı bunu etməyə məcburdum. Əks halda cavab verməli olacaqdım. Az sonra isə 2-ci növbənin davamiyyətini yoxlamaq üçün “xəlifə müavin”lə otaqları gəzəndə öz auditoriyamıza girdik. Leksiya idi, “potok” – 3 qrup birləşmişdi. Hardasa 60 tələbə. Lektor tərs kimi yenə Arifə xanım idi. Biz içəri girən kimi bütün tələbə yoldaşlarım anidən ayağa durdular. Arifə xanım da həmçinin. “Starosta”, dünən bir partada oturduğum tələbə yoldaşım, bu gün gəlməyənlərin hesabatını verəndə mənə Əzizə xanım deyə müraciət etdi. Bütün “potok” sanki dekana baxırmışlar kimi baxırdı mənə. O an hər şey gözümdə bir başqa cür görünmüşdü. Az qalmışdı gülüm ki, “Əzizə xanım nəydi, sən Allah?” Onu da deyə bilmədim. İcra etdiyim vəzifəm yol vermirdi…

Beləcə o gündən nifrət etdim vəzifəyə. Anladım ki, vəzifənin yükünü çəkmək mənim çiynim üçün deyil. O kresloda oturanda demək olar heç bir şey sən istəyən kimi olmur.

Günün sonunda Kamal müəllim, Təhsil Nazirliyinin rəsmisi və əsl vəzifə sahibləri ilə yekun görüşümüzdə Kamal müəllimin “hə, necə oldu bu gün sənin üçün?” sualına gülümsünərək “mən vəzifəyə nifrət etdim” dedim və güldük.

Sonda demək istədiyim odur ki, xəlifə tələbələr vaxtın azlığını düşünməsinlər”.

Ümid edirəm ki, Əzizə İsmayılovanın xatirələri gənc xəlifələr üçün, elə mənim özüm üçün də yaxşı bir dərs oldu. Axı, “öyrədərək öyrənirik” əbəs deyilmir…

Həqiqətdə yuxu axtarmaq və yuxuda həqiqəti tapmaq… Ömür boyu bu iki variantla mübarizə aparmalı olmuşuq. Sevincli günlərimizdə də, kədərli günlərimizdə də. İndi isə sevincimizin həddi-hüdudu yoxdur.

Görəsən, Azərbaycan Dillər Universitetinin tarixində ilk dəfə olaraq baş tutacaq layihədə tələbələr bunun yuxu və ya həqiqət olduğunu ayırd edə biləcəklərmi?

 

Sualın cavabı növbəti reportajımızda…

 

 

Şahin Sərdarlı

 

(ADU-nun II kurs tələbəsi, xəlifə mətbuat katibi)

SHARE