XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşüb

1062

Noyabrın 1-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

F.Qurbanov Azərbaycan Dillər Universitetinin məzunu olaraq tələbələri salamlayıb. Səfir doğma universitetində olmaqdan məmnun olduğunu bildirib və dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib. Görüşün maraqlı və səmərəli keçəcəyinə ümid etdiyini bildirən səfir diplomatiya anlayışı haqqında danışıb. Bəzi tədqiqatçıların fikirlərinə görə, diplomatiyanın ən qədim peşələrdən biri olduğunu deyən F.Qurbanov öz mühazirəsində müasir diplomatik təcrübə, dəyişikliklər və çağırışlardan bəhs edib. Səfir diplomatların peşə fəaliyyəti haqqında danışaraq bu peşəni seçən şəxslərin əsas vəzifəsinin daxili və xarici nümunələr əsasında mühüm məsələlərin araşdırılması və məlumatların məruzə edilməsi, bu haqda tövsiyələrin verilməsi olduğunu diqqətə çatdırıb. Ənənəvi diplomatiyanın protokol xidməti, nümayəndəlik və səfərlərlə əlaqəli olduğunu söyləyən F.Qurbanov yeni informasiya və telekommunikasiya texnologiyalarının diplomatik təcrübəyə böyük təsir gücünün olduğunu qeyd edib. Görüşdə səfir, həmçinin diasporun rolundan ətraflı söhbət açıb. Səfir F.Qurbanov diplomatiyanın funksiyaları və mühüm aspektləri haqqında da danışıb.

F.Qurbanov Azərbaycanın xarici siyasətində əsas rol oynayan coğrafi mövqeyindən söz açaraq ölkənin Rusiya və İran, Türkiyə və Mərkəzi Asiya ilə kəsişməsi haqqında müzakirələr aparıb. Səfir Azərbaycan diplomatiyasının müxtəlif metodları haqqında məlumat verərək bu gün ölkəmizin beynəlxalq və regional layihələrdə etibarlı tərəfdaş olduğunu vurğulayıb. F.Qurbanov mühüm əhəmiyyətə malik beynəlxalq və regional təşkilatlarda Azərbaycanın üzvlüyü və oradakı fəaliyyəti, o cümlədən yoxsulluq və müharibə şəraitində yaşayan digər ölkələrə humanitar yardım göstərməsi ilə bağlı məsələlərə də toxunub.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Sonda səfir F.Qurbanov ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb.

SHARE