ADU-da “Azərbaycanda tolerantlıq: ölkə daxilində və xaricində ictimai-siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib

603

Noyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasının (ETL) təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində “Azərbaycanda tolerantlıq: ölkə daxilində və xaricində ictimai-siyasi model kimi” mövzusunda dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, fil.f.d. Bənövşə Məmmədova 16 noyabr tarixinin dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edildiyini bildirib.

Daha sonra Multikulturalizm ETL-in elmi işçisi, f.ü.f.d. Rəşad İlyasov “İslam həmrəyliyi və multikulturalizm” mövzusunda məruzə ilə çıxış edib, tolerantlıqla bağlı fikirlərini bölüşüb. O, tolerantlığın XVI əsrdə Avropada yarandığını, 16 noyabr 1995-ci ildən YUNESKO tərəfindən Beynəlxalq Tolerantlıq Gününün qeyd edildiyini söyləyib. R.İlyasov tolerantlığın elmi və tarixi ədəbiyyata daxil olması, onun terminoloji mənası, eyni zamanda İslam sivilizasiyasında mövqeyindən söz açıb. Azərbaycanda tolerantlığın tarixən mövcud olduğunu vurğulayan R.İlyasov ölkəmizdə 30-dan çox etnik qrupun tolerant və multikultural mühitdə yaşadığını sözlərinə əlavə edib.

ADU-nun magistrantı Aydan Quliyeva “Azərbaycanın etnik müxtəlifliyi”, Multikulturalizm ETL-in kiçik elmi işçisi Turan Kərimli isə “Heydər Əliyev Fondunun xarici layihələri” mövzularında məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, tədbirdə mövzu ilə bağlı sənədli film nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.

SHARE