ADU-da “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda mühazirə keçirilib

501

Noyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda birgə mühazirə keçirilib.

Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev azərbaycançılıq ideyası və onun tərkib hissələrindən söz açıb. O, bildirib ki, qədim tarixi və dövlətçilik ənənələri ilə dünya xalqları içərisində özünəməxsus yer tutan xalqımızın 1828-ci ildən sonra başının üstünü qara buludlar alıb. Həmin tarixdən 1969-cu ilədək azərbaycançılıq ideyası ilə çıxış edənlər təqiblərə məruz qalıb. Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında işə başlaması ilə vəziyyətin dəyişdiyini deyən A.Babayev ulu öndərin ana dilimizin inkişafında xidmətləri haqqında ətraflı məlumat verib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideyası əsasında təşkil edilən birgə mühazirələrin mahiyyəti barədə qısa məlumat verib. O, daha sonra “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda fikirlərini iştirakçılarla bölüşüb. Qeyd edib ki, dilçilik sahəsi hər zaman dövlət siyasətinin tərkib hissəsi olub və Azərbaycan dilçiliklə bağlı qanunlara görə digər türk dövlətlərini üstələyib. E.İbrahimov müxtəlif dövrlərdə Azərbaycan dili ilə bağlı qəbul edilən qanunlardan, onların mahiyyətindən və dilimizin inkişafına verdiyi töhfələrdən, eyni zamanda 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultayın əhəmiyyətindən söz açıb.

Mühazirədə tələbələrin sualları cavablandırılıb.

SHARE