ADU-da karyera günü və iş yarmarkası keçirilib

1663

Dekabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi,ADU-nun İnformasiya Resurs Kompleksinin Bakı Amerika Mərkəzi və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə karyera günü və iş yarmarkası keçirilib. Şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gənclərin işlə təmin olunmasına kömək etmək məqsədi daşıyan yarmarkaya gələnlər dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən təşkilatlar, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlərin nümayəndələri ilə görüşmək və onlarda hazırda olan vakansiyalar haqqında ətraflı məlumat almaq imkanı əldə edib.

Öncə çıxış edən ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva yarmarkanın əhəmiyyətindən danışıb, onun 10 ildir ki, sistemli şəkildə keçirildiyini sözlərinə əlavə edib. Yarmarkaya 20-yə qədər şirkətin qatıldığını bildirən Şəhla Xudiyevanın sözlərinə görə, tədbirə ABŞ universitetlərinin məzunları, özəl sektorda, dövlət qurumlarında və biznes sahəsində çalışan təcrübəli mütəxəssislər qatılıblar ki, onlar da iştirakçılarla öz təcrübə və biliklərini bölüşəcəklər. O, həmçinin qeyd edib ki, tədbirin əsas məqsədi biznes və dövlət strukturları ilə yeni, təcrübəli və iş axtarışında olan kadrlar arasında bir platforma-vasitəçi rolunu oynamaqdır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya sədrinin müavini Vilyam Gil belə bir tədbirin ADU-da keçirilməsini yüksək qiymətləndirib və əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, Azərbaycanda ABŞ mübadilə proqramlarının 5000-dən yuxarı məzunu olduğunu bildirib. Missiya sədrinin müavini həmin məzunların ABŞ-da aldıqları təhsil sayəsində seçdikləri ixtisaslar üzrə dövlət və özəl qurumlarda aparıcı mütəxəssis kimi çalışaraq, Azərbaycanın inkişafında böyük rol oynadıqlarını diqqətə çatdırıb. Vilyam Gil, həmçinin ABŞ təhsilinin məzunların dünyagörüşünə müsbət təsir göstərərək onların karyerada irəliləməsinə kömək etdiyini ifadə edib. O, ABŞ-da təhsil almış qabaqcıl məzunların iştirakçılara uğur əldə etməyə kömək edən məsləhətlər verəcəklərinə inandığını, yarmarkada iştirakçılara həm iş tapmaq imkanı, həm də yerli təşkilatların nümayəndələri ilə görüşərək təcrübə toplamaq şansının verildiyini diqqətə çatdırıb.

Yarmarkanın karyera inkişafı sessiyalarında “Uğurlu karyera qurmaq: İctimai sektorda işin çətinlikləri və perspektivləri”, “Şəxsi iş”, “İş əlaqələri qurma və müsahibə aparma bacarıqları”, “Şəxsi brendi necə yaratmalı?”, “Uğurlu və layiqli karyera qurmanın 10 yolu” və s. mövzularda məruzələr dinlənilib.

SHARE